Tibb ictimaiyyətinin təşəbbüsü ilə hər il sentyabrın 12-də Beynəlxalq Miqrenlə Mübarizə Günü kimi qeyd olunur.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu günün məqsədi ciddi xəstəlik olan miqrenə diqqət çəkmək, onun insan sağlamlığı üçün yarada biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq və problemin nə dərəcədə lazımi səviyyədə qiymətləndirilmədiyini göstərməkdir. Çünki bu xəstəlik yalnız pasiyentin fiziki və psixoloji vəziyyətinə deyil, onun işinə, ailəsinə və sosial həyatına da təsir göstərir.
Miqren bir neçə saatdan 2-3 günədək davam edən, orta və yüksəkintensivlikli, döyünən xarakterli təkrarlanan baş ağrısı tutmaları ilə müşayiət olunan xəstəlikdir. Fiziki aktivlik zamanı ağrı daha da güclənə bilər. Çox vaxt miqren ürəkbulanma, qusma, işığa, səslərə və qoxulara qarşı yüksək həssaslıqla müşayiət olunur.
Tibb təşkilatlarının statistikasına görə, miqren dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer üzündə hər yeddi nəfərdən biri həyatında ən azı bir dəfə miqren tutması keçirib. Xəstəlik 50 yaşadək insanlarda əmək qabiliyyətinin itirilməsinin ən geniş yayılmış səbəblərindən biridir. Miqren səbəbindən itirilən iş günləri ölkələrin iqtisadiyyatına da əhəmiyyətli zərər vurur. Bu xəstəlik beyin damar xəstəlikləri, dağınıq skleroz və epilepsiya ilə eyni sırada qiymətləndirilir. Həkimlərin fikrincə, xəstəliyin inkişafı insanın genetik xüsusiyyətləri ilə ətraf mühit amillərinin məcmusu ilə şərtlənir. İrsi meyilliliklə yanaşı, miqrenin yaranmasına səbəb olan əsas amillər sırasında həddindən artıq yorğunluq, stress, düzgün olmayan qidalanma və gün rejimi, spirtli içkilərdən sui-istifadə də yer alır. Hormonal dəyişikliklər də mühüm rol oynayır. Məsələn, yetkinlik yaşına çatmazdan əvvəl oğlanlarda miqren qızlara nisbətən bir qədər daha çox müşahidə olunur, yetkin qadınlarda isə miqren kişilərlə müqayisədə 2-3 dəfə daha çox rast gəlinir.
Bundan əlavə, həmin xəstəliyin müalicəsi həkimlər üçün kifayət qədər mürəkkəb məsələ olaraq qalır. İnsanlar isə çox vaxt mütəxəssisə müraciət etmək əvəzinə özünümüalicəyə üstünlük verirlər. Bu da ağrı tutmasını tez aradan qaldırmaq cəhdi ilə ağrıkəsici preparatlardan həddindən artıq istifadəyə gətirib çıxarır. Nevroloqların fikrincə, yalnız düzgün və vaxtında diaqnostika, eləcə də müalicəyə kompleks yanaşma xəstəliyin müalicəsində yaxşı nəticələr əldə etməyə imkan verir.
Lakin yadda saxlamaq vacibdir ki, həkimə müraciət və dərman müalicəsi ilə yanaşı, insan öz həyat tərzinə də diqqət yetirməlidir. Buna görə də miqrenin yaranması riskini azaltmaq üçün kifayət qədər yatmaq, zərərli vərdişlərdən imtina etmək, düzgün və balanslaşdırılmış qidalanmaq, təmiz havada gəzmək, fiziki fəaliyyətlə məşğul olmaq və stresli vəziyyətlərin öhdəsindən gəlməyi bacarmaq vacibdir. Müxtəlif “intellektual məşğələlər” – məsələlərin, tapmacaların, krossvordların həlli, beyin həmlələri, xarici dillərin öyrənilməsi də faydalı ola bilər.
Məhz bütün bu məsələlərə, xüsusilə də miqrenin profilaktikasına həsr olunan tədbirlər bu xəstəliklə mübarizə günündə fəallar və tibb işçiləri tərəfindən təşkil edilir. Bu tədbirlər sırasında maarifləndirici aksiyalar və sərgilər, elmi seminarlar və konfranslar yer alır.
Unutmaq olmaz ki, müasir tibbi üsullar xəstəliyin daha asan keçirilməsinə imkan verir və miqrenlə yaşayan insanlar öz əziyyətlərini yüngülləşdirmək uğrunda mübarizədə tək deyillər.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR