14 sentyabr 2026 15:37
115

“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 9 İL ÖTÜR

Azərbaycanın enerji strategiyasında yeni mərhələnin əsasını qoyan tarixi Saziş

Azərbaycanın müasir enerji tarixində mühüm yer tutan hadisələrdən birinin - “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından 9 il ötür.

2017-ci il sentyabrın 14-də Bakıda imzalanan sənəd “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək davam etdirilməsinə hüquqi əsas yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Sazişi “yeni əsrin müqaviləsi” adlandıraraq onun ölkə üçün daha əlverişli şərtlərlə imzalandığını vurğulamışdı. Bu Saziş 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın dəyişən enerji və iqtisadi reallıqlar fonunda daha güclü mövqedən çıxış etdiyini nümayiş etdirdi. Əgər 1994-cü ildə əsas məqsəd ölkənin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayə və qabaqcıl texnologiyaların cəlb edilməsi idisə, 2017-ci ildə artıq formalaşmış tərəfdaşlıq modeli daha əlverişli şərtlərlə yeni mərhələyə keçirildi.

Azərbaycanın mövqeyi daha da gücləndi

Yeni Sazişin əsas nəticələrindən biri Azərbaycanın layihədə iştirak payının artırılması oldu. Saziş imzalanarkən SOCAR-ın AÇG-dəki payı 11,6 faizdən 25 faizə yüksəldildi. Eyni zamanda, Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyənləşdirildi. Xarici investorların isə ölkəyə ümumilikdə 3,6 milyard dollar bonus ödəməsi nəzərdə tutuldu. Bonus ödənişinin Azərbaycan Respublikası Dövlət Neft Fonduna həyata keçirilməsi də sənədlərlə təsdiqlənir. SOFAZ 2018-ci ilin yanvarında yeni AÇG Sazişi çərçivəsində ilk 450 milyon dollarlıq bonus ödənişini qəbul etdiyini açıqlamışdı. Fondun məlumatına görə, ümumilikdə 3,6 milyard dollar bonus səkkiz il ərzində ödənilməli idi.

Burada bir məqamı da dəqiqləşdirmək vacibdir. 2017-ci il Sazişinə əsasən layihənin operatoru kimi BP fəaliyyətini davam etdirib. SOCAR-ın “AzAÇG” şirkəti isə kontraktın icrasında podratçı kimi iştirak edib. Beləliklə, Azərbaycanın layihədəki iştirakının genişləndirilməsi həm iqtisadi, həm də institusional baxımdan mühüm nəticə olub.

40 milyard dollardan artıq sərmayə potensialı

Sazişin imzalandığı dövrdə AÇG-nin qarşıdakı 32 il ərzində inkişafına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı açıqlanmışdı. Bu vəsaitin cəlb edilməsi uzunmüddətli hasilatın təmin olunması ilə yanaşı, Azərbaycanın neft sənayesində yeni texnologiyaların tətbiqi, istehsal infrastrukturunun inkişafı və yerli kadr potensialının gücləndirilməsi baxımından da əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyev 2017-ci ilin yekunlarına həsr olunan müşavirədə də AÇG Sazişinin müddətinin uzadılmasının yalnız sərmayə baxımından deyil, ölkənin iqtisadi inkişafının uzunmüddətli planlaşdırılması baxımından əhəmiyyətini vurğulamışdı. Dövlət başçısının sözlərinə görə, neft hasilatının sabit səviyyədə saxlanılması iqtisadi inkişafı planlaşdırmağa və neftdən asılılığı mərhələli şəkildə azaltmağa imkan verirdi.

AÇG Azərbaycanın enerji tarixində mühüm iz qoyub

AÇG yataqlar bloku Azərbaycanın neft sənayesinin inkişafında və ölkənin dünya enerji bazarındakı mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayır. 2017-ci ildə yeni Saziş imzalanarkən Prezident İlham Əliyev bildirmişdi ki, həmin vaxtadək AÇG-dən 436 milyon ton neft hasil edilib. Sonrakı illərdə hasilat davam edib və layihənin miqyası daha da böyüyüb.

BP-nin 2025-ci ilin birinci rübünün nəticələrinə dair açıqlamasında AÇG-dən layihənin başlanğıcından etibarən təxminən 4,5 milyard barrel neft hasil edildiyi və 59 milyard kubmetr səmt qazının Azərbaycan dövlətinə çatdırıldığı qeyd olunub.

2026-cı ildə isə AÇG layihəsi yeni mərhələyə qədəm qoyub. Bakı Enerji Həftəsinin rəsmi açılışında səsləndirilən məlumatlara görə, AÇG-dən ixrac üçün hasil edilmiş neftin həcmi artıq təxminən 4,6 milyard barrelə çatıb. Eyni zamanda, yataqlar blokunda ilk kommersiya səviyyəli sərbəst təbii qaz hasilatının başlanması AÇG-nin gələcək potensialının yalnız neftlə məhdudlaşmadığını göstərib.

“Əsrin müqaviləsi”ndən “Yeni Əsrin müqaviləsi”nə

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin enerji sektoruna beynəlxalq kapitalın və texnologiyaların cəlb edilməsində mühüm rol oynadı. Bu saziş Azərbaycanın neft strategiyasının əsasını qoymaqla ölkənin dünya enerji sisteminə inteqrasiyasını sürətləndirdi. 2017-ci ildə imzalanan yeni Saziş isə həmin strategiyanın daha əlverişli şərtlərlə davam etdirilməsi baxımından diqqət çəkdi. Azərbaycanın iştirak payının artırılması, mənfəət neftində 75 faizlik payın müəyyənləşdirilməsi, 3,6 milyard dollarlıq bonus və 2050-ci ilədək uzunmüddətli əməkdaşlığın təmin olunması bu mərhələnin əsas göstəriciləri oldu.

“Yeni Əsrin müqaviləsi” ifadəsinin işlədilməsi də məhz bu tarixi və iqtisadi mahiyyətdən irəli gəlirdi. Prezident İlham Əliyev 2017-ci il sentyabrın 14-də Sazişin imzalanması mərasimində onun Azərbaycanın gələcək inkişafı və maliyyə imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdi.

Yeni reallıqlar fonunda yeni mərhələ

2017-ci ildən ötən müddət ərzində AÇG üzrə əməkdaşlığın məzmunu da dəyişən enerji reallıqlarına uyğun olaraq genişlənib. 2024-cü ildə 2017-ci il Sazişinə İkinci Qoşmanın imzalanması AÇG-nin qeyri-assosiasiya olunmuş qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan yaradıb. Sənəd Milli Məclis tərəfindən həmin ilin dekabrında təsdiqlənib. Beləliklə, 14 sentyabr 2017-ci ildə imzalanan Saziş bu gün yalnız neft hasilatının uzunmüddətli davam etdirilməsi baxımından deyil, AÇG-nin yeni enerji imkanlarının reallaşdırılması baxımından da əhəmiyyətini qoruyur.

Bu gün 9-cu ildönümü qeyd olunduğu həmin tarixi əhəmiyyətli günü “Yeni Əsrin müqaviləsi”ni yalnız bir neft sazişi kimi qiymətləndirmək kifayət deyil. Bu sənəd Azərbaycanın 1994-cü ildə formalaşdırdığı enerji strategiyasının yeni iqtisadi və siyasi reallıqlar əsasında davam etdirilməsinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. AÇG-nin ötən illərdəki hasilat göstəriciləri və son dövrdə təbii qaz istiqamətində açılan yeni imkanlar isə həmin strateji xəttin zamanla yeni məzmun qazandığını göstərir.

Orxan Vahidoğlu, “İki sahil”