16 sentyabr 2026 14:00
100

Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar

 

Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.

"İki sahil" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.

Aprelin 8–12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.

Sentyabrın 11–13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov IV Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.