16 sentyabr 2026 18:38
95

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

 

11-13 sentyabr 2026-cı il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində həmin ölkənin Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında karate idman növü üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb.

Mötəbər yarışda iştirak edən Azərbaycan Karate Federasiyasının və FHN-in İdman-sağlamlıq klubunun uşaqlardan ibarət karate komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kumite yarışlarında uşaqlar arasında -24kq çəki dərəcəsində (U-8 kateqoriyasında) Çingiz Abbasov 5 döyüş, -42kq çəki dərəcəsində (U-14 kateqoriyasında) isə Nəzrin Şahməmmədli 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvü -35kq çəki dərəcəsində (U-12 kateqoriyasında) Ramal Şahməmmədli 5 döyüş keçirərək gümüş medala yiyələnib.

Qaliblərə Macarıstan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, komanda məşqçi-müəllim Coşqun Sadıqovun rəhbərliyi altında yarışlara hazırlanaraq mübarizə aparıb.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və komandanınn məşqçi-müəllimi ilə görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.