18 sentyabr 2026 18:46
108

Neftçala rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonu, Sübh kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Əmlak kompleksinin ümumi qiyməti 4.946.213 manatdır. 
Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.500.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 100-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.000.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 oktyabr 2026-cı il tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 21 oktyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.