18 sentyabr 2026 22:13
154

“Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Suverenliyi Günü ərəfəsində keçirilən konfransda Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”nin siyasi və iqtisadi əhəmiyyəti, ölkənin enerji strategiyasının inkişaf yolu, eləcə də ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına aparan tarixi proseslərdən bəhs olunub. Qeyd edilib ki, 20 sentyabr tarixi Azərbaycan tarixində xüsusi rəmzi məna daşıyır: 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb, 2024-cü ildə isə həmin tarix Dövlət Suverenliyi Günü kimi təsis edilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir tarixindəki mühüm rolundan danışıb. Qeyd olunub ki, bu tarixi qərar ölkəmizin enerji potensialından səmərəli istifadə etməsinə, iqtisadi imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına yeni imkanlar yaradıb.

Çıxışda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası sonrakı illərdə davam etdirilib, Azərbaycanın enerji siyasəti ölkənin iqtisadi və siyasi imkanlarının genişlənməsində mühüm rol oynayıb. Eyni zamanda, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirlərinin nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması müasir Azərbaycan tarixinin mühüm mərhələsi kimi qeyd edilib. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqil dövlət kimi inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, ötən dövr ərzində ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, sənaye və enerji sektorunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.

Zakir Fərəcov vurğulayıb ki, konfransın “Əsrin müqaviləsindən – Suverenliyə” adlandırılması da təsadüfi deyil. 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında və beynəlxalq enerji əməkdaşlığında yeni mərhələ yaratdığı kimi, 20 sentyabr Dövlət Suverenliyi Günü də ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını ifadə edən tarixi gün kimi dövlətçilik tarixində xüsusi yer tutur.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi inkişafında və dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, enerji siyasətinin ölkənin iqtisadi imkanlarının genişlənməsinə, yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına və Azərbaycanın regional mövqeyinin güclənməsinə verdiyi töhfələrdən bəhs edib.

“Azərikimya” İstehsalat Birliyinin direktoru Elnur Məmmədli çıxışında “Əsrin müqaviləsi”nin ölkənin iqtisadi inkişafında yaratdığı imkanlardan bəhs edib. Bildirib ki, bu tarixi layihə Azərbaycanın enerji sektorunun inkişafına, iqtisadi potensialının güclənməsinə və sənaye sahəsində yeni imkanların formalaşmasına mühüm təsir göstərib.

Konfransda mövzu ilə bağlı Sumqayıt Dövlət Universitetinin Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev də çıxış ediblər.

Çıxışlarda bildirilib ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və ölkənin beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın sonrakı inkişaf mərhələləri, ərazi bütövlüyünün bərpası və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması arasında tarixi-siyasi bağlılıqdan danışılıb.

Vurğulanıb ki, Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçilik tarixində mühüm mərhələni ifadə edir, bu tarixin gələcək nəsillərə çatdırılması isə xüsusi əhəmiyyət daşıyır.

Sonda YAP-a yeni üzv olmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.