19 sentyabr 2026 21:31
101

Quzanlıda “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı olub

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı olub.

“İki sahil” xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra film nümayiş etdirilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların həyat və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərildiyini bildirib. O, Natiq Qasımovun həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayaraq, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunmasını xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, müasir texnologiyaların tarixi hadisələrin və qəhrəmanlarımızın həyat hekayələrinin yeni təqdimat imkanları yaratdığını qeyd edib.

“SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva çıxışında bildirib ki, “Düşmənə qarşı tək” filminin Ağdamda təqdim olunması onlar üçün xüsusi məna daşıyır. O qeyd edib ki, süni intellekt texnologiyaları ilə hazırlanan film şirkətin üçüncü belə layihəsidir. Filmin əsas məqsədinin Milli Qəhrəman Natiq Qasımovun həyatını, qəhrəmanlığını və Vətənə bağlılığını tamaşaçılara çatdırmaq olduğunu vurğulayan Dilarə Əliyeva layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya və təqdimatın təşkilatçılığına görə Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, həmçinin filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.