23 sentyabr 2026 12:14
80

“ABAD”ın yaradılmasından 10 il ötür

 

10 il əvvəl bir ideyanın təməli qoyuldu. 2016-cı ildə ABAD pilot layihə kimi Masallı "ASAN Həyat" Kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olundu. Elə həmin ilin 23 sentyabr tarixində Prezident İlham Əliyevin Fərmanı ilə "ABAD" publik hüquqi şəxsi yaradıldı və ailə bizneslərinin inkişafına yeni dəstək modeli fəaliyyətə başladı.

2017-ci ildə Balakən ABAD Mərkəzinin açılışı ilə fəaliyyət coğrafiyası genişləndi. Dövlət dəstəyi, eləcə də "PAŞA Holding"in sosial məsuliyyət tədbirləri çərçivəsində göstərdiyi dəstək nəticəsində Quba ABAD Factory, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi, Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi yaradıldı. Art Hotel by ABAD Guest ilə fəaliyyət turizm sahəsini də əhatə etdi.

Bu günədək 723 ailə biznesinə dəstək göstərilib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir. ABADçıların 370-i qadın, 283-ü kişi, 70-i isə hüquqi şəxsdir.

10 il ərzində ABADçıların istehsalı olan məhsulların satış həcmi 20 milyon manata çatdı.

ABAD "İdeyadan rəflərə" yanaşması ilə ailə bizneslərinə istehsaldan satışadək bütün mərhələlərdə dəstək göstərir.

2017-ci ildə İçərişəhərdə SOCAR və TİKA-nın dəstəyi ilə ilk ABAD Etno-butiki fəaliyyətə başladı. Elə həmin il ABAD məhsulları ilk dəfə Bravo supermarketlərində satışa çıxarıldı, sonradan burada bakaleya bölmələri və xüsusi satış stendləri yaradıldı. Etno-butiklər şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun Duty Free zonası, Milli Gimnastika Arenası, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Fairmont Baku, Şamaxı, Şəki, eləcə də 3 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərinədək genişləndi. Daha sonra məhsullar Grandmart, Bolmart, Megastor, Rahat Gourmet, Port Bazar, Kontinental, Aplus, Araz Supermarket və Favorit Premium şəbəkələrində satışa çıxarıldı, 2025-ci ildən etibarən marketplace üzrə ölkə nəhəngləri Wolt Market və Bir Market üzərindən istehlakçılara sifariş imkanı yaradıldı.

"PAŞA Holding"in bilavasilə dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq ABAD-ın inkişafına yeni imkanlar açdı, mikro və kiçik sahibkarların inkişafını stimullaşdırdı. 

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilk Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi etməklə, 2021-ci ildə Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsinə töhfə verdi. 

Hazırda işğaldan azad olunmuş ərazilərdən toplanılan təbii ballar daxil olmaqla müxtəlif çeşiddə sənətkarlıq və qida məhsulları istehsalı ilə məşğul olan minlərlə Azərbaycan vətəndaşı ABAD layihəsinin benifisiarlarıdır.

Bu gün ABAD yüzlərlə ailənin inkişaf yolunun və dayanıqlı biznesinin ayrılmaz hissəsinə çevrilib.