“Ali təhsilin yaşıllaşdırılması: dayanıqlı universitetlər üçün strategiyalar, çağırışlar və imkanlar” (“Greening higher education: strategies, challenges and opportunities for sustainable universities”) mövzusunda təşkil olunan paneldə BDU rektoru Elçin Babayevlə yanaşı, Əbu-Dabi Universitetinin rəhbəri Hassan Aouad, BINUS Universitetinin prorektoru Rini Setiovati və Şimali Novşera Universitetinin rektoru Taha Savar spiker qismində çıxış ediblər. Panelin moderatoru isə UNICAF Universitetinin dosenti Şarad Kumar olub.
Panel müzakirəsində ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsi, kampusların ekoloji dayanıqlığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, davamlı şəhər və icmaların inkişafında universitetlərin rolu, eləcə də beynəlxalq tərəfdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Müzakirə Dayanıqlı İnkişaf Məqsədlərindən “Keyfiyyətli təhsil” (DİM 4), “Dayanıqlı şəhərlər və icmalar” (DİM 11), “İqlim fəaliyyətləri” (DİM 13) və “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” (DİM17) məqsədləri ilə əlaqələndirilib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin aparıcı universitetlərinin nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, ali təhsildə yaşıl transformasiyanın gələcək perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Son illərdə dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətində fəaliyyətini genişləndirən BDU tədris, tədqiqat, idarəetmə və kampus infrastrukturunda davamlılıq prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirir. Universitetin beynəlxalq dayanıqlılıq təşəbbüslərində və reytinqlərində iştirakı BDU-nun qlobal dayanıqlı inkişaf gündəliyinə inteqrasiyasının mühüm istiqamətlərindən birini təşkil edir.