23 sentyabr 2026 17:05
81

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisi sentyabrın 22-də Çin Xalq Respublikasının Tszyansu əyalətinin Çançjou şəhərində keçirilən “2026 Jiangsu Forum on the Silver Tourism Market” forumunda iştirak edib.

“İki sahil” xəbər verir ki, forum turizm qurumları, aviaşirkətlər, kruiz şirkətləri, hotellər, maliyyə və sığorta institutları, səyahət xidmətləri göstərən şirkətlər, eləcə də digər turizm sənayesi nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində bazar tendensiyaları və turizm sektorundakı yeniliklər barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Forumda turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm imkanları və səyahət təcrübələrinə dair təqdimat keçirilib. Təqdimatda ölkənin zəngin mədəni irsi və qastronomiyası, təbii turizm imkanları, eləcə də sağlamlıq turizmi barədə məlumat verilib. Bakı şəhərinin tarixi və müasir memarlığı, Şəkinin İpək Yolu irsi və ənənəvi sənətkarlığı, Naftalanın sağlamlıq turizmi imkanları xüsusi olaraq təqdim edilib, həmçinin Çin və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi barədə məlumat verilib.

Tədbir çərçivəsində Şərqi Çində və ölkənin cənubunda fəaliyyət göstərən turizm şirkətləri və digər sektor nümayəndələri ilə əlaqələr qurulub, Azərbaycan turizm istiqaməti kimi təqdim olunub. Görüşlər zamanı Çinin region üzrə turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, Çindən olan yaşlı turistlərin səyahət üstünlüklərinin öyrənilməsi və bu seqmentə uyğun Azərbaycan turizm məhsullarının hazırlanması imkanları müzakirə olunub.

Qeyd edək ki, “silver tourism” yaşlı insanların səyahət və istirahət ehtiyaclarına, o cümlədən mədəniyyət, sağlamlıq və asudə vaxtla bağlı maraqlarına uyğun turizm məhsul və təcrübələrini əhatə edən seqmentdir.

2026-cı ilin avqust ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 4% artaraq 7 423 nəfər təşkil edib.