23 sentyabr 2026 22:18
80

Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Sentyabrın 23-də Azərbaycanın Polşaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Dövlət katibi Marçin Bosatskiyə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, etimadnamənin surətinin təqdim olunmasından sonra Marçin Bosatski ilə keçirilmiş görüşdə Azərbaycan-Polşa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər, siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Dövlət katibi Fuad İsgəndərovu Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Həmçinin Polşanın Azərbaycan ilə münasibətlərə, qarşılıqlı hörmət, etimad və ümumi maraqlara əsaslanan, bütün istiqamətləri əhatə edən real strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Marçin Bosatski, eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərində Polşa tərəfinin iştirakına və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.