25 sentyabr 2026 21:25
99

Rusiya-Ukrayna müharibəsi nəticəsində 744 uşaq öldürülüb, 2363 uşağın itkin düşdüyü hesab olunur

Rusiya-Ukrayna müharibəsi nəticəsində 744 uşaq öldürülüb, daha 2363 uşağın itkin düşdüyü hesab olunur.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets BMT-nin Ukraynada pozuntuların araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyası ilə interaktiv dialoq zamanı deyib. Onun məlumatına görə, daha 2904 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb, həmçinin müharibə şəraitində uşaqlara qarşı 23 zorakılıq faktı sənədləşdirilib. O əlavə edib ki, Ukraynanın nəzarətində olmayan ərazilərdə təxminən 1,6 milyon ukraynalı uşaq ola bilər.

Ombudsman dünya ictimaiyyətini ukraynalı uşaqların geri qaytarılması üzrə Beynəlxalq Koalisiyaya qoşulmağa, hər bir uşağın yerini müəyyənləşdirməyə və onların ölkəyə təhlükəsiz şəkildə qaytarılmasını təmin etməyə çağırıb: “Dördüncü Cenevrə Konvensiyasına uyğun olaraq qanunsuz deportasiya edilmiş və ölkə daxilində başqa ərazilərə köçürülmüş bütün ukraynalı uşaqların tam siyahısını Rusiyadan tələb etmək lazımdır. Eyni zamanda, beynəlxalq monitorinq missiyalarının Ukraynanın nəzarətində olmayan ərazilərə tam çıxışı təmin edilməlidir”.