25 sentyabr 2026 21:52
87

Romada “Nizami və Dante arasında kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” kitabının təqdimatı keçirilib

Romanın XVI əsrə aid tarixi məkanlarından biri olan Florensiya Sarayında (Palazzo Firenze) “Dante Aligyeri Cəmiyyəti”nin qərargahında “Nizami və Dante arasında kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” (Exploring Intersections Between Nizami and Dante) kitabının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rəhilə Qeybullayeva, Nuntsio Rucciero və Mariya Tereza Ciaveri tərəfindən tərtib olunan kitabda Azərbaycan, İtaliya, Rusiya, Bosniya və Herseqovina, Niderland, Böyük Britaniya və ABŞ-dan olan müəlliflərin 31 monoqrafiyası toplanıb. Kitab 2021-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası Uyğunluqlar: Nizami və Dante Konfransı”nın materiallarına əsaslanır.

Məruzəçilər arasında Dante Aligyeri Cəmiyyətinin Baş katibi Alessandro Masi, Azərbaycanın İtaliyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Nigar Qurbanova Ramazanlı, Neapolun “Federiko II Universiteti”nin rektoru Andrea Matsukki, Turin Universiteti və Elmlər Akademiyasının nümayəndəsi Mariya Tereza Ciaveri, Neapolun “Suor Orsola Benincasa” Universitetinin professoru Nuntsio Rucciero, “Asti Alfieri Tədqiqatları” Milli Mərkəzinin direktoru Karla Forno və Bakı Slavyan Universitetinin professoru Rahilə Qeybullayeva yer alıb. Konfrans zamanı çıxışçılar kitabın İslam və Xristian orta əsr ədəbi ənənələri arasında mühüm bir körpü rolu oynadığını, hər iki mütəfəkkirin öz mədəni və dini mühitləri çərçivəsində ümumbəşəri mövzulara necə yanaşdıqlarını nümayiş etdirdiyini bildiriblər. Çıxışçılar qeyd ediblər ki, Azərbaycanın Gəncə şəhərində anadan olan Azərbaycan ədəbi ənənəsinin şairi Nizami Gəncəvi və italyan dilinin atası Dante Aligyeri öz əsərlərində müvafiq poetik dünyalar arasında oxşarlıqları və fərqləri nümayiş etdirirlər.

Kitab zahirən müxtəlif görünən mədəniyyətlər arasındakı gözlənilməz kəsişmələri araşdırır, orta əsrlər poeziyasının iki nəhəng siması, XII əsr Azərbaycan şairi Nizami Gəncəvi və XIV əsr İtaliya şairi Dante Aligyeri arasında zəngin müqayisəli ədəbi və mədəni təhlili təqdim edir.

Xatırladaq ki, “Brill” beynəlxalq akademik kitab nəşriyyat evinin nəşri olan sözügedən kitabın daha öncə təqdimatı 2026-cı ilin aprel ayında Bakı şəhərində ADA Universitetində keçirilib.