26 sentyabr 2026 13:49
119

Berlində Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib.

“İki sahil” xəbər verir ki, anım tədbirində Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan, Türkiyənin Berlindəki baş konsulu İlker Okan Şanlı, Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Anım Gününə həsr olunmuş film nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək 27 Sentyabr - Anım Gününün xalqımızın müasir tarixində xüsusi yer tutduğunu, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan uzun illər davam edən işğala şəhidlərimizin qəhrəmanlığı sayəsində son qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Diplomat bildirib ki, 30 ilə yaxın davam edən işğal ilə heç vaxt barışmayan Azərbaycan Qələbəni yaxınlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordu qurulub, ölkənin iqtisadi əsasları möhkəmləndirilib və beynəlxalq nüfuzu artıb. Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımız azad edilib, Azərbaycanın dövlət suverenliyi və milli ləyaqəti bərpa olunub. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Qarabağda separatçılığa son qoyularaq ölkəmizin tam suverenliyi təmin edilib. Bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi regionda yeni reallıq yaradıb.

Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi önəm daşıdığını qeyd edib. Bildirilib ki, bu sənəd uzunmüddətli münaqişəyə son qoyaraq Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycanın sülh təşəbbüslərinin yalnız iki ölkənin deyil, bütövlükdə regionun firəvan gələcəyinə xidmət etdiyi vurğulanıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açan səfir Böyük Qayıdışın artıq real prosesə çevrildiyini, azad edilmiş torpaqlarda həyatın yenidən canlandığını vurğulayıb.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunan səfir Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin heç vaxt unudulmayacağını qeyd edib. Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyinin xalqların rifahına, regionda sülh və sabitliyə xidmət etdiyi xüsusi vurğulanıb.

Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin bütün Türk dünyası üçün böyük önəm daşıdığını bildirib. O, Türkiyənin həmin çətin günlərdə Azərbaycanla nümayiş etdirdiyi həmrəyliyin iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyib və Azərbaycanın da 2023-cü ilin fevralında baş vermiş zəlzələ zamanı Türkiyəyə göstərdiyi dəstəyi xatırladıb. Diplomat Qarabağda və regionda həyata keçirilən bərpa-quruculuq layihələrində Türkiyə şirkətlərinin iştirakını da qeyd edərək, Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf, rifah və sülhə töhfə verdiyini vurğulayıb.

Azərbaycan icmasının üzvü Fidan Damer keçmiş münaqişənin onun nəslinin yaddaşında dərin iz buraxdığını vurğulayıb. O, Azərbaycanın regional rolunun, enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq sahələrində önəminin artdığını bildirərək, Azərbaycan və Ermənistan arasında davamlı sülhün regionun təhlükəsizliyi və gələcəyi üçün vacibliyini qeyd edib.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə “Mozg Media Group” tərəfindən çəkilən “Torpağı sanı yaşayasan” adlı qısametrajlı bədii filmi nümayiş etdirilib.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.