28 sentyabr 2026 11:20
99

Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Citigroup" bankı ilə valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib.

"Caspianinfo" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycanda səfərdə olan "Citigroup"un nümayəndə heyəti ilə görüşüb.

Görüşdə "Citigroup"un icraçı direktoru, müştəri xidmətləri üzrə baş direktoru David Livinqston, eləcə də Qafqaz və Mərkəzi Asiya regionu üzrə korporativ bankçılıq direktoru Ceyson Zullo iştirak ediblər.

Görüş çərçivəsində qlobal bankçılıq sektorunda müşahidə olunan əsas tendensiyalar, mövcud çağırışlar və inkişaf perspektivləri, müxbir bankçılıq, pul bazarlarının inkişafı, valyuta ehtiyatlarının idarəedilməsi təcrübəsi müzakirə edilib.

Görüş zamanı həmçinin Mərkəzi Bank ilə "Citigroup" arasında əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın daha da genişləndirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.