28 sentyabr 2026 11:50
105

Geosiyasi qeyri-müənyənliklər fonunda Azərbaycanın iqtisadi uğurları və investisiya potensialı

Müasir beynəlxalq arenada yaranmış vəziyyətdə investorlar, ilk növbədə, stabillik, biznesləri üçün təhlükəsizlik və proqnozlaşdırıla bilən mühit axtarırlar. Azərbaycan artıq etibar edilə bilən bir ölkə kimi özünü sübut etmişdir. Bakının ardıcıl və proqnozlaşdırılan iqtisadi siyasəti var, burada əlverişli işgüzar mühit yaradılıb, ölkə beynəlxalq əməkdaşlığa açıqdır və bərabərhüquqlu tərəfdaş olmağa qadirdir. Bu amillər Azərbaycana investisiya qoyuluşuna marağın artmasına kömək edir.

Geosiyasi və geoiqtisadi qeyri-müənyənlik, ənənəvi təchizat zəncirlərinin qırılması, münaqişələrin təhdidi təhlükəsizlik və etibar məsələlərini ön plana çıxarmışdır. Azərbaycan bu etibarı artıq qazanmışdır, indi isə onu uzunmüddətli iqtisadi tərəfdaşlığa və konkret investisiya qərarlarına çevirmək mərhələsindədir. Mövcud geosiyasi tendensiyalar şəraitində Azərbaycana xüsusi cəlbediciliyi onun coğrafi mövqeyi qazandırır. Lakin o, dünyanın təsəvvüründə tədricən sadəcə tranzit ərazi olmaqdan çıxır. Yeni dünya konfiqurasiyasında ölkələrin cəlbediciliyi təkcə onların coğrafiyası və ehtiyatları ilə deyil, bundan da vacib olaraq infrastruktur, logistika, regional bazarlara çıxış və beynəlxalq istehsal zəncirlərinə inteqrasiya olmaq qabiliyyəti ilə müəyyən edilir. Bütün bu imkanları Azərbaycan təmin edir.

Dünyada baş verənlər təhlükəsizlik məsələsini ön plana çıxardı. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Onun sözlərinə görə, “Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər”.

Dövlət başçısı qeyd edib ki, ölkəmizdə hazırda investisiyalar üçün çox əlverişli şərait yaranıb: “coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi - bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq”.

 Bu proqnozlar tamamilə realdır. Ötən il keçirilmiş birinci forumda ümumi məbləği 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanmışdı. Bu məbləğin 7 milyard dollarından çoxu qeyri-neft sektoruna yönəldilmişdi. İkinci forumun gündəliyi əvvəlki illə müqayisədə xeyli genişlənib. Təkcə sazişlərin miqyasını deyil, həm də sahələrin şaxələndirilməsini vurğulamaq vacibdir. İmzalanmış sənədlər sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, kənd təsərrüfatı, su ehtiyatları və idman kimi sahələri əhatə edir. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq işgüzar dairələr üçün təkcə energetika biznesi baxımından maraqlı olmaqdan çıxır. O, neft-qaz sənayesi ilə əlaqəli olmayan sahələrə də investisiya qoyuluşu üçün cəlbedici olur.

Bu il Bakıya dünyanın ən böyük maliyyə və investisiya bazarları şirkətlərinin, investisiya və suveren fondların, habelə beynəlxalq maliyyə institutlarının rəhbərləri tolaşıblar. Müzakirələrdə "BlackRock/GIP", "Franklin Templeton", "PGIM", "Brookfield", "KKR", "Ares" və "Neuberger Berman" kimi qlobal investisiya strukturlarının, eləcə də Türkiyə Sərvət Fondunun (Turkey Wealth Fund), Sinqapurun "Temasek" strukturunun və digər iri institusional investorların nümayəndələri iştirak edirlər. İştirakçı şirkətlərin idarəçiliyində olan aktivlərin ümumi həcmi təxminən 30 trilyon dollar təşkil edir. Belə iri qlobal investorların Bakıya gəlişi təkcə Azərbaycanın investisiya potensialına maraqdan xəbər vermir, həm də ölkənin iri beynəlxalq kapitala təklif etdiyi perspektivlərin nümayişi, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi üçün mühüm imkanlar açır. Prezident İlham Əliyev Azərbaycanın təkcə maliyyə resurslarının cəlb edilməsində deyil, həm də müasir texnologiyaların, biliklərin və qabaqcıl idarəetmə qərarlarının əldə olunmasında maraqlı olduğunu vurğulayıb. İş yerləri yarada bilən, iqtisadiyyatın məhsuldarlığını və rəqabətqabiliyyətliliyini artırmaqla yanaşı, Azərbaycan şirkətlərinə xarici bazarlara çıxış imkanı açan layihələr xüsusi əhəmiyyət daşıyır.

Forumun praktiki yönümlülüyünün əsas sübutlarından biri Azərbaycan Prezidentinin aparıcı dünya investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri olmuşdur. Xüsusilə, "Neuberger Berman" şirkətinin sədri və baş direktoru (CEO) Corc Uoker ilə, "Brookfield Asset Management" şirkətinin CEO-su Konnor Teski ilə, "Global Infrastructure Partners" şirkətinin təsisçisi və CEO-su Adebayo Oqulesi və başqaları ilə danışıqlar aparılmışdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, aparılan  müzakirələr təkcə maliyyə, sənaye və nəqliyyatı deyil, həm də ekologiyanı, dayanıqlı inkişafı, kənd təsərrüfatını, sosial siyasəti, əmək bazarını, şəhərsalmanı, su ehtiyatlarını və beynəlxalq əməkdaşlığı əhatə edir. Forumun işinin praktiki nəticəsi Azərbaycan ilə xarici tərəfdaşlar arasında 11 anlaşma memorandumu olmuşdur. Onların məzmunu cari investisiya gündəliyinin genişliyini əyani şəkildə nümayiş etdirir. Buraya "Microsoft Romania, Moldova & CIS" ilə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, "ROX Group" ilə günəş və külək energetikası layihələri, yeni texnologiyalardan istifadə etməklə karbid və silisium oksidi istehsalı daxil edilmişdir. Ayrı-ayrı razılaşmalar "AGROFERT"in iştirakı ilə Ağdamda quşçuluq kompleksinin yaradılmasına, baytarlıq vaksinlərinin istehsalına və əczaçılıq müəssisəsinin işə salınmasına aiddir. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "Azər-Türk Bank"dakı payın alınması üzrə sövdələşmə də rəsmiləşdirilib. Bundan əlavə, SOCAR, ADSEA və "Esyasoft" arasında sazişlər və Ukrayna ilə investisiyaların təşviqi sahəsində əməkdaşlıq barədə razılaşma imzalanmışdır.

Gördüyümüz kimi, tikinti, sənaye istehsalı, əczaçılıq, kənd təsərrüfatı, bank sektoru, energetika və rəqəmsal texnologiyalar – bütün bu istiqamətlər bu gün Azərbaycanın yeni investisiya xəritəsində mövcuddur. Burada artıq təkcə neft və qaz yoxdur. Yeri gəlmişkən, qeyri-neft sektoru bu gün milli ÜDM-in 70 faizini formalaşdırır. Azərbaycan energetika potensialından əsas kimi istifadə edir, lakin eyni zamanda sənaye, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və bərpaolunan energetika hesabına iqtisadi bazanı genişləndirir.

Prezident İlham Əliyev forumda çıxış edərək qeyd etmişdir ki, bir neçə gün əvvəl Dağ-mədən sənayesi üzrə Dövlət Proqramı qəbul edilmişdir. O, çoxlu sayda tədbirləri nəzərdə tutur və ölkənin inkişafının əsas istiqamətlərindən birini müəyyən edir. Prioritet istiqamətlər arasında dövlət başçısı bərpaolunan enerji mənbələrini qeyd edərək, Azərbaycanın böyük BEM potensialına malik olduğunu vurğulamışdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün imkanlar mövcuddur. Bizim məqsədimiz təbii qazın istehlakını maksimum dərəcədə azaltmaq və həmin ehtiyatları ixraca yönəltməkdir. Prezident İlham Əliyev bildirmişdir ki, qarşıdakı beş ildə Azərbaycanda bərpaolunan enerji hər yerdə istifadə olunacaq. Artıq neft və qazın etibarlı təchizatçısı olduğunu sübut etmiş Azərbaycan bu gün elektrik enerjisinin də az etibarlı olmayan təchizatçısına çevrilmək istəyir. Yaşıl enerji qazıntı yanacağı və neft məhsulları ilə yanaşı, strateji Azərbaycan ixracının daha bir maddəsinə çevrilə bilər.

Eyni zamanda, dövlət başçısı bəyan etmişdir ki, neft və qazı unutmaq lazımdır və cari ildə bir çox yeni sazişlərin imzalandığını bildirmişdir: "Ola bilsin ki, böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Cəmi bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Beləliklə, bunlar bizim inkişafımızın əsas istiqamətləridir və sözsüz ki, biz açıq-aşkar olan bir amili, - neft və qazı, - unutmamalıyıq, xüsusilə nəzərə alsaq ki, bu il çox sayda müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək”. İnvestorların Azərbaycanda maraq göstərdiyi istiqamətlər sırasında Prezident İlham Əliyev nəqliyyat-logistika sahəsini də qeyd etmişdir: "Fikrimcə, maraq yarada biləcək sahə çoxmilli maraqlara xidmət edən infrastruktur ola bilər. Burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur məsələləri ön plana çıxır. Biz çoxlu sayda körpü, yanalma qurğuları və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq”.

 Azərbaycanın üstünlüklərindən biri də onun etibarlılığıdır. Dövlət başçısı çıxışında bu barədə də danışaraq xatırlatmışdır ki, :Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var.

Beləliklə, bu gün Azərbaycan investisiya kapitalı uğrunda artıq təkcə neft-qaz ölkəsi kimi rəqabət aparmır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında sabit və proqnozlaşdırıla bilən biznes mühitinin, makroiqtisadi sabitliyin, investisiya iqliminin, nəqliyyat-logistika imkanlarının, vergi və gömrük stimullarının, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin və birgə investisiya fondlarının əhəmiyyəti xüsusi olaraq vurğulanır. Ölkə rəhbərliyinin qiymətləndirməsinə görə, məhz bu alətlər Azərbaycanın qlobal dəyər zəncirlərinə sonrakı inteqrasiyasını təmin etməlidir. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici dövlət borcunun həcmindən təqribən 20 dəfə çoxdur. İnvestor üçün bunun böyük əhəmiyyəti var. Güclü ehtiyat mövqeyi və nisbətən kiçik xarici borc dövlətə xarici konyunkturanın pisləşməsi şəraitində belə iqtisadi siyasət yürütmək üçün məkan yaradır. Məhz eyni zamanda müharibələrin və ticarət münaqişələrinin baş verdiyi, logistik zəncirlərin yenidən qurulduğu və energetika bazarlarının dəyişdiyi dünyada proqnozlaşdırıla bilmək qabiliyyəti xüsusilə dəyərli olur. Və bütün bunlar birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyasının uzaqgörənliyinin və səmərəliliyinin növbəti sübutudur.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor