28 sentyabr 2026 18:56
131

Bakı qlobal enerji və texnologiya qovşağına çevrilir

Müasir qlobal geosiyasi xəritədə status-kvonun sürətlə dəyişdiyi, ənənəvi təchizat zəncirlərinin risklərlə üzləşdiyi və iqtisadi müstəqilliyin suverenliyin təməl daşına çevrildiyi bir epoxada yaşayırıq. Belə bir tarixi dönəmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə regional deyil, qlobal miqyaslı strateji mesajlar və tarixi müqavilələrlə yadda qaldı. Prezident İlham Əliyevin forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunmuş tədbirdə konseptual çıxışı və dövlət başçısının iştirakı ilə mübadiləsi aparılan nəhəng sənədlər paketi, Azərbaycanın keçilmiş yolun təcrübəsindən aldığı güclə gələcəyin iqtisadi arxitekturasını necə dizayn etdiyini ortaya qoydu. Bu strateji baxış, sadəcə bir resurs ölkəsinin deyil, beynəlxalq miqyasda qlobal oyunçuya çevrilmiş qətiyyətli bir dövlətin manifestidir.

Prezident İlham Əliyev çıxışında haqlı olaraq Azərbaycanın yaxın tarixinə ekskurs etdi. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz tənəzzülə uğramış bir neft sənayesi, vətəndaş müharibəsi dalğası, humanitar fəlakət və Ermənistanın 30 il davam edən işğalçı siyasəti ilə üz-üzə idi. Lakin dövlət həm öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etdi, həm də iqtisadi sistemini sıfırdan inşa edərək regionun dayaq nöqtəsinə çevrildi.

Azərbaycanın neft tarixi dünyada ilk sənaye üsulu ilə neft hasil edilən məkan olaraq Bakının qlobal əhəmiyyətini hələ əsrlər öncə müəyyən etmişdi. II Dünya müharibəsində sovet ordusunun yanacaq ehtiyacının 80 faizdən çoxunu təmin edən Bakı nefti olmasaydı, nasist ordularının Qafqaza hücum strategiyası fərqli nəticələnsəydi, bəşəriyyətin taleyi başqa cür yazılardı. Dövlət başçısının vurğuladığı kimi, keçmişdə bu sərvətlərin sahibi Azərbaycan xalqı deyildi; bu gün isə müstəqil Azərbaycan öz resurslarını milli maraqlarına və sivil dünyada bağlantıların güclənməsinə yönəldən qüdrətli bir gücdür.

İnvestorlar üçün bu gün dünyada ən vacib və defisit resurs proqnozlaşdırılabilən mühit və təhlükəsizlikdir. Azərbaycan isə kriminogen vəziyyətin tam nəzarətdə olduğu, planetin ən təhlükəsiz ölkələrindən biridir. Ölkənin makromaliyyə dayaqları isə bir qaya qədər möhkəmdir. Dövlət borcunun ÜDM-ə nisbətinin daxili borcla birlikdə cəmi 20 faiz (xarici borcun isə cəmi 5,6 faiz) təşkil etdiyi bir şəraitdə, ölkənin valyuta ehtiyatları xarici borcu 20 dəfə üstələyir.

2017-ci ilin aprel ayından bəri dollar qarşısında sabitliyini qoruyan milli valyutamız və müsbət ticarət balansımız maliyyə sistemimizin qlobal təlatümlərə qarşı immunitetinin göstəricisidir. 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin bir sözünün belə dəyişdirilməməsi Azərbaycanın “etibarlı tərəfdaş” portfelini beynəlxalq kapitalın gözündə toxunulmaz edir. Son 20 ildə ölkəyə cəlb olunan 350 milyard dollardan çox investisiyanın yarısının xarici investisiya olması da məhz bu sarsılmaz etimadın nəticəsidir.

Dövlətin bərpaolunan yaşıl enerji strategiyası (Xəzərdəki 157 giqavatlıq potensial, Özbəkistan, Qazaxıstan və Qara dəniz sualtı kabel layihələri) sürətlə irəliləsə də, neft və qaz hələ uzun müddət ən böyük investisiya seqmenti olaraq qalacaqdır. Forum çərçivəsində mübadiləsi aparılan sənədlər bu sahədəki qlobal miqyası gözlər önünə sərir:

– Abşeronun tammiqyaslı işlənilməsi: SOCAR, XRG (ADNOC) və “TotalEnergies” şirkətləri arasında imzalanan Yekun İnvestisiya Qərarı qaz hasilatını 3-4 il ərzində əlavə 5 milyard kubmetr artıracaq;

– Mədənçilik və yeni neft bumu: SOCAR və “ExxonMobil” arasında imzalanmış Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi ölkədə yeni bir neft-qaz yüksəlişinə təkan verəcək;

– Transmilli sərmayə həmlələri: ABŞ-nin məşhur transmilli nəhəngləri ilə imzalanan sazişlər – “Comstock Resources” ilə strateji tərəfdaşlıq Çərçivə Sazişi və “Apollo” şirkəti ilə “upstream” (kəşfiyyat və hasilat) layihələrinə investisiya üzrə Anlaşma Memorandumu Azərbaycanın Amerika qitəsi ilə olan enerji körpülərini şaxələndirir;

– Avropanın premium enerji bazarları: Almaniyanın “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti ilə təbii qaz, LNG və enerji infrastrukturunun inkişafı, habelə “VNG AG” şirkəti ilə Strateji Əməkdaşlığa dair Saziş Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolunu bir daha təsbit edir.

– Qlobal iştirakçılıq (Kot-d'İvuar həmləsi): Azərbaycan artıq təkcə öz torpaqlarında hasilat etmir, qlobal arenaya çıxır. İtaliyanın “Eni S.p.A.” şirkəti ilə Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağında 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol ölkəmizin beynəlxalq miqyasda operatorluq potensialının sübutudur.

Azərbaycan coğrafi olaraq dənizə birbaşa çıxışı olmayan bir dövlət olsa da, həyata keçirdiyi multimodal infrastruktur layihələri ilə qitələri birləşdirən strateji tranzit qovşağına çevrilib. Ölkə ərazisinin qazlaşdırılması 96 faizi ötüb, 9 beynəlxalq hava limanı və genişlənən dəniz limanları logistik zəncirin fiziki skeletini tamamlayır.

Azərbaycan dünyada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan unikal ölkələrdən biridir. Cari ildə tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir, strateji hədəf isə 2030-cu ilədək bu göstəricini 25 milyon tona yüksəltməkdir. Prezident İlham Əliyevin dediyi kimi, Coğrafi olaraq Qafqazda yerləşsək də, siyasi və nəqliyyat baxımından Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü kimi bu regionun bir hissəsidir.

Lakin fiziki yollar və limanlar yetərli deyil; idarəetmədə rəqəmsallaşma və müasir gömrük inzibatçılığı rəqabətdə önəmlidir. Bu mənada forumda SOCAR və ABŞ-nin texnologiya nəhəngi “Oracle” arasında imzalanan “Oracle Alloy Agreement” (Əsas Şərtlər Toplusu) Azərbaycanın regionda təkcə nəqliyyat deyil, həm də rəqəmsal transformasiya, data mərkəzləri və süni intellekt mərkəzinə çevrilməsi istiqamətində atılmış tarihi addımdır. Xəzərin dibi ilə Qazaxıstana uzanacaq fiber-optik kabel layihəsi də bu rəqəmsal üstünlüyü tamamlayacaq.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracın 90 faizi hələ də neft-qazdır və bu disbalansı aradan qaldırmaq üçün kənd təsərrüfatı, mədənçilik (4 illik yeni dövlət proqramı) və sənayeyə investisiya yatırılır. Forumun rəsmi mübadilə mərasimində imzalanan son 3 saziş qeyri-neft sənayesinin yeni yol xəritəsidir:

– Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın nəhəng “UFlex Group” şirkəti arasında imzalanan Üçtərəfli Birgə Müəssisə Müqaviləsi ölkədə sənaye istehsalının və ixrac potensialının artırılmasına xidmət edir;

– İqtisadiyyat Nazirliyi ilə dünya nəhəngi “Carlsberg Group” arasında imzalanan Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi ölkənin emal sənayesinə və yerli istehsalat zəncirinə böyük həcmdə xarici kapital və qabaqcıl idarəetmə təcrübəsi qazandıracaq;

– Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında imzalanan İnvestisiya Müqaviləsi isə Bakının qlobal azad ticarət zonaları xəritəsindəki yerini və multimodal daşımalarda xarici investorlar üçün inzibati-hüquqi mühitin cəlbediciliyini maksimuma çatdırır.

“Peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyduğumuz məqsədlərə heç vaxt nail ola bilmərik”, – deyən Prezident İlham Əliyev gələcəyin texnologiyalarını satın almağın mümkün olduğunu, lakin milli kadr potensialının satın alına bilməyəcək yeganə sərvət olduğunu xüsusi vurğuladı. 2003-cü ildən bəri həyata keçirilən xaricdə təhsil üzrə Dövlət Proqramları, savadlılıq səviyyəsinin 100 faizə yaxın olması ölkədə güclü insan kapitalı formalaşdırıb. 1994-cü ildə neft sazişlərində yerli kadrların payı 10 faizdən az idisə, bu gün bu göstərici 95 faizdir və azərbaycanlı mütəxəssislər artıq qlobal transmilli şirkətləri qlobal miqyasda idarə edirlər.

Böyük kapitalı təmsil edən qlobal investorlar saxta (feyk) xəbərlər yayan mediaya deyil, öz gözləri ilə gördükləri real reallığa inanmalıdırlar. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu dünya biznes elitasına Azərbaycanı yerində kəşf etmək üçün unikal platforma təqdim etdi. Sabitlik, güclü maliyyə sistemi, yaşıl enerji inqilabı, “Oracle” ilə rəqəmsal sıçrayış, “Carlsberg” və “UFlex” ilə sənaye layihələri, habelə qitələrarası logistik qovşaq statusu ilə Azərbaycan bəşəriyyətin yeni inkişaf yolunda dünya nəhənglərinə sadəcə qapılarını açmır, onları bu ortaq və işıqlı gələcəyə birlikdə addımlamağa dəvət edir.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent