28 sentyabr 2026 15:28
108

Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır
Bu gün quduzluğun qarşısının alınması ilə bağlı maarifləndirmənin artırılması məqsədilə Xəzər Universiteti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
“Maarifləndirmədən fəaliyyətə” şüarı ilə keçirilən tədbirdə builki “Birlikdə daha güclüyük” mövzusu çərçivəsində quduzluqla mübarizədə birgə fəaliyyətin və müxtəlif sektorlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Mövcud vəziyyət və əsas problemlər “Vahid Sağlamlıq” yanaşması çərçivəsində nəzərdən keçirilib, elmi biliklərin praktiki fəaliyyətə çevrilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi-tədqiqat müəssisələrinin, baytarlıq və ictimai səhiyyə, eləcə də özəl sektorların nümayəndələri iştirak ediblər.
Açılış nitqində FAO-nun Azərbaycandakı nümayəndəsi və FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat quduzluğun qarşısının alınmasında vaksinasiyanın, “Vahid Sağlamlıq” yanaşmasının və sektorlararası əməkdaşlığın gücləndirilməsinin, eləcə də qlobal “2030-a qədər Sıfır” məqsədinə nail olunmasının əhəmiyyətini vurğulayıb. Bu qlobal təşəbbüs 2030-cu ilə qədər itlərdən insanlara keçən quduzluq səbəbindən insan ölümlərinin sıfıra endirilməsini nəzərdə tutur. O, həmçinin Azərbaycanın baytarlıq xidmətlərinin, xəstəliklərin monitorinqi və laboratoriya imkanlarının gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
Xəzər Universitetinin rektoru Dr. Razia İsayeva öz çıxışında quduzluqla mübarizədə insan, heyvan və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsinin əhəmiyyətini qeyd edib. O, universitetin Hasvet Baytarlıq Təbabəti Fakültəsində yaradılan yeni tədris və klinik imkanların gələcək baytar həkimlərin praktik hazırlığına töhfə verdiyini bildirib.
“Quduzluqla mübarizə insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə nə qədər sıx bağlı olduğunu göstərir. Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti Fakültəsində yaratdığımız yeni tədris və klinik imkanlar gələcək baytar həkimlərin bu sahədə praktik hazırlığına xidmət edir. FAO və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığımızı gücləndirərək maarifləndirməni konkret profilaktik tədbirlərə çevirməyi hədəfləyirik. Birlikdə çalışaraq quduzluq səbəbindən baş verən insan ölümlərinin qarşısını ala bilərik”, – deyə Xəzər Universitetinin rektoru Dr. Razia İsayeva bildirib.
Ekspert təqdimatları və panel müzakirəsi zamanı Azərbaycanda quduzluğun epidemioloji vəziyyəti, xəstəliyin qarşısının alınması və nəzarət tədbirləri, insan və heyvan sağlamlığı üçün risklər, yerli qurumların təcrübəsi və sektorlararası əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Panel müzakirəsində erkən aşkarlama, məlumat mübadiləsi, heyvanların immunizasiyası və insanlarda postekspozisiya profilaktikası üzrə tədbirlərin əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub. 
Sonda elmi yanaşmaların, institusional imkanların və praktiki təcrübənin bir araya gətirilməsi, eləcə də gələcək birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.