Qarabağ Dirçəliş Fondu (QDF) ilə “Turan Tovuz” futbol klubu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, QDF-dən verilən məlumata görə, memorandumu fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.
Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” ilə Türkiyənin “Fənərbaxça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə “Turan Tovuz”un rəhbərliyinə təşəkkürünü bildirib.
R.Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, “Turan Tovuz” və “Fənərbaxça” kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.
Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbaxça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Komandalar həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıb.
Beləliklə, “Turan Tovuz” və “Fənərbaxça” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən üz-üzə gələcək.
Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb
Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan təmsilçiləri 4 medal qazanıblar