28 sentyabr 2026 20:26
108

Dimitri Qenegei: Qayıdış keçmişə dönüş kimi qiymətləndirilməməlidir

Qayıdış hüququ yalnız torpağa fiziki qayıdış deyil, müstəmləkəçilik nəticəsində itirilmiş tarixi yaddaşın, mədəni irsin və xalqın öz gələcəyini müəyyən etmək hüququnun bərpasıdır.

“İki sahil” xəbər verir ki,  bunu Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) rəsmi nümayəndəsi Dimitri Qenegei BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı panel müzakirəsində deyib. “Bizim üçün qayıdış hüququ müstəmləkəçilik nəticəsində məhrum edildiklərimizi geri qaytarmaqdır. Bu, torpağımıza sahiblik, tarixi yaddaşımızın davamlılığı, irsimizə sahib çıxmaq, institutlarımız üzərində səlahiyyət və öz gələcəyimizi müəyyən etmək azadlığıdır”, - deyə o bildirib.

Dimitri Qenegei vurğulayıb ki, qayıdış keçmişə dönüş kimi qiymətləndirilməməlidir: “Bu, keçmişə qayıtmaq deyil. Bu, müstəmləkəçilik nəticəsində pozulmuş tarixi davamlılığın bərpasıdır”.

O qeyd edib ki, davamlı sülhün əsasını ədalət, tarixi həqiqətin tanınması və xalqların hüquqlarına hörmət təşkil etməlidir: “Sülh yalnız ədalət, tanınma və həqiqət üzərində qurulduğu halda davamlı ola bilər”.