Sentyabr ayında Bakıda Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının bir sıra konvensiyaları üzrə beynəlxalq təlim keçirilib.
Təlimdə 50 nəfər, o cümlədən Ədliyyə Nazirliyinin və Nazirliyin Ədliyyə Akademiyasının əməkdaşları, hakimlər, vəkillər, notariuslar, həmçinin Qazaxıstan və Özbəkistandan olan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Təlimi Haaqa Konfransının Daimi Bürosunun birinci katibi, təcrübəli ekspert Melissa Ford aparıb.
Təlimin keçirilməsində əsas məqsəd Haaqa Konfransının 1970-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyasının tətbiqi ilə bağlı yarana biləcək çətinliklərin qarşısının alınması, onun normalarının düzgün anlaşılması və tətbiqinin təmin edilməsi, həmçinin bu sahədə çalışan hüquqşünasların müvafiq biliklərinin artırılması olub.
Hazırda Azərbaycanın sözügedən Konvensiyaya qoşulması ilə bağlı müvafiq dövlətdaxili prosedurlar həyata keçirilməkdədir.
Eyni zamanda, təlim çərçivəsində Nazirliyin müvafiq struktur qurumları ilə təşkilatın nümayəndəsi arasında işçi görüşlər keçirilib. Gələcək əməkdaşlıq, yeni konvensiyalara qoşulma, ədliyyə sahəsində xidmətlərin rəqamsallaşdırılması, o cümlədən elektron apostil kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə, o cümlədən Avropa ölkələrinin əksəriyyəti ilə mülki sahədə müqavilə bazası yaratmaq məqsədilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı çərçivəsində qəbul olunmuş 1965-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” və 2007-ci il tarixli “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanmasının digər formalarının beynəlxalq qaydası haqqında” konvensiyalara qoşulub.
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO
Fövqəladə Hallar Nazirliyində çimərlik mövsümünün başa çatması ilə əlaqədar brifinq keçirilib