11 oktyabr 2026 19:50
104

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Bakıdan olan bir qrup ziyarətçi Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət edib.

“İki sahil” xəbər verir ki, səfərin məqsədi “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində aparılan tədqiqatlarla, eləcə də qoruğun ərazisindəki mağaralar kompleksi ilə tanışlıq olub.

Ziyarətçilər əvvəlcə Keşikçidağ Kurqanlar Vadisində yerləşən Sarıyoxuş kurqanlarında aparılan arxeoloji qazıntı işlərini izləyib, tədqiqatlar zamanı aşkar edilmiş artefaktlarla tanış olublar.

Ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov tədqiqatların gedişi, qazıntı prosesi və əldə olunan arxeoloji materiallar barədə məlumat verib.

Səfər çərçivəsində ziyarətçilər “İlham Əliyev adına zirvə”də və ərazidəki mağaralar kompleksində də olublar.

Qoruqda uzun illər elmi tədqiqatlar aparmış AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, daş dövrü üzrə mütəxəssis Azad Zeynalov mağaraların divar və tavanlarında qorunub saxlanılan freskalar, su quyuları və ərzaq anbarları haqqında məlumat verib.

Qeyd edək ki, belə səfərlər Keşikçidağın zəngin arxeoloji və tarixi-mədəni irsinin tanıdılması, elmi tədqiqatlara ictimai marağın artırılması və mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.