12 oktyabr 2026 11:15
138

Mərkəzi Asiya və Azərbaycanın əsas logistika mərkəzləri kimi rolu artır

Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də  Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri bütün bu reallıqları bir daha təsdiqlədi. Cənab İlham Əliyevin Türkmənistan səfərinin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Belə ki, ölkə Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ilə yanaşı, MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə iclaslarında, həmçinin Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak etdi. Hər bir tədbir Azərbaycanın regionda və dünyada nüfuzunun, möhkımlənən mövqeyinin təqdimatı oldu.

Sözügedən səfər Azərbaycan-Türkmənistan, eyni zamanda, digər Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hazırkı inkişaf səviyyəsinin nümayişində əhəmiyyətli rol oynadı.  Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə "Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi” söyləyən cənab İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü də oldu. Söhbət zamanı qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev  tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.

Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti iki ölkənin intensiv xarakter daşıyan yüksəksəviyyəli qarşılıqlı səfərlərində və davamlı siyasi dialoqda aydın şəkildə özünü göstərir. Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə söylədiyi “Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir” fikirlərinin davamı olaraq Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirdi ki, bu gün biz qarşımıza həqiqətən də iddialı strateji hədəflər qoya bilərik. İqtisadiyyatlarımızın dinamik şəkildə inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnologiyanın yüksəlişi bizə ortaq maraqlarımıza uyğun və qarşılıqlı faydalı şərtlərlə biznes tərəfdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır.

Zamir Güvəndiyev,
​YAP Şəmkir rayon təşkilatının sədri