13 oktyabr 2026 16:28
99

Azərbaycan-Kamboca münasibətlərində fəal əməkdaşlıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Kamboca münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə edib. Ölkə başçısı çıxışında siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, investisiya imkanlarının reallaşdırılması, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələlərinə xüsusi diqqət yetirib.

Cənab Prezident vurğulayıb ki, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Dövlət başçısının sözlərinə görə, mövcud siyasi əlaqələr ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Tərəflər təmasların intensivləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə razılığa gəliblər.

Bəyanatda iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi əsas məsələlərdən biri kimi önə çəkilib. Prezident qeyd edib ki, ölkələr arasında iqtisadi potensial kifayət qədər geniş olsa da, mövcud ticarət dövriyyəsi hələlik aşağı səviyyədədir. Bu imkanlardan səmərəli istifadə etmək, qarşılıqlı məlumat mübadiləsini gücləndirmək və biznes dairələri arasında əlaqələri genişləndirmək vacibdir.

Bu məqsədlə ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Azərbaycanın və Kambocanın şirkətlərinin iştirakı ilə keçirilən biznes forumunun da sahibkarların qarşılıqlı imkanlarla tanış olmasına, iqtisadi prioritetlərin müəyyənləşdirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi bildirilib.

Ölkə Prezidenti sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının da müzakirə edildiyini diqqətə çatdırıb. Bu istiqamətlər üzrə atılacaq addımların iqtisadi münasibətlərin daha konkret layihələr əsasında inkişafına şərait yaradacağı gözlənilir.

Azərbaycan-Kamboca münasibətlərində humanitar əlaqələrin genişləndirilməsi də mühüm yer tutur. Prezident İlham Əliyev xatırladıb ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Dövlət başçısı bu ənənənin bərpa edilməsinin, tələbələr üçün qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bununla yanaşı, nəqliyyat və rəqəmsal transformasiya məsələləri də müzakirə olunan prioritet istiqamətlər sırasında yer alıb. Müasir dövrdə rəqəmsal həllərin və nəqliyyat imkanlarının inkişafı ölkələr arasında iqtisadi və humanitar əlaqələrin daha çevik qurulmasına şərait yaradır.

Bəyanatda Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübəyə də toxunulub. Prezident İlham Əliyev bildirib ki, səmərəliliyi ilə seçilən və Azərbaycan cəmiyyətində yüksək ictimai qiymətləndirmə qazanan “ASAN xidmət” modeli Kambocada da maraq doğurur. Bu sistemin Azərbaycanın dost ölkələrində tətbiq edilməsi təcrübə mübadiləsi və dövlət xidmətlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

“ASAN xidmət” modelinin Kambocada tətbiqi ilə bağlı əməkdaşlıq imkanları iki ölkə arasında əlaqələrin dövlət idarəçiliyi sahəsini də əhatə edə biləcəyini göstərir.

Prezident İlham Əliyev Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsini xüsusi qeyd edib. Bu fakt Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına verdiyi önəmi nümayiş etdirir.

Cənab Prezidentin bəyanatında hər iki ölkənin üzləşdiyi mina problemi də diqqətə çatdırılıb. Azərbaycan və Kamboca uzun illər ərzində mina təhlükəsindən əziyyət çəkib və bu problemin fəsadları bu gün də hiss olunur. Prezident İlham Əliyev təcrübə və bilik mübadiləsinin aparılmasının, praktiki bacarıqların paylaşılmasının və müvafiq təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın işğal dövründə basdırdığı minaların yaratdığı təhlükə hələ də insanların həyatı və sağlamlığı üçün ciddi risk olaraq qalır. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərdə mina partlayışları nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu reallıq mina təhlükəsinə qarşı beynəlxalq əməkdaşlığın, maarifləndirmənin və birgə tədbirlərin əhəmiyyətini bir daha ortaya qoyur.

Prezident İlham Əliyev sülh və təhlükəsizliyin davamlı inkişafın başlıca şərtlərindən olduğunu vurğulayaraq, bu prinsiplərin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmasının vacibliyini qeyd edib. Dövlət başçısı Azərbaycanın 30 illik işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, hazırda bütün ərazilərinin Azərbaycan dövlətinin və xalqının nəzarətində olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan və Kambocanı birləşdirən amillər sırasında beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyi də xüsusi vurğulayıb. Bu yanaşma dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin, suverenliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini ön plana çıxarır, beynəlxalq təşkilatlar çərçivəsində daha ədalətli, təhlükəsiz və əməkdaşlığa açıq dünya nizamını formalaşdırır.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri