Çində səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Ninsia Huy Muxtar Rayonunun paytaxtı İnçuan şəhərində “Ningxia Natural Star Technology” və “Ningxia Wozhiyuan Technology” şirkətlərinin fəaliyyəti ilə tanış olub.
“İki sahil” xəbər verir ki, “Ningxia Natural Star Technology” şirkətində orqanik tərəvəz istehsalı, müasir istixana texnologiyaları və ixracyönümlü aqrobiznes modeli barədə məlumat verilib. Bildirilib ki, 2017-ci ildən Ninsia bölgəsində orqanik tərəvəz istehsalı prioritet istiqamət kimi müəyyənləşdirilib. Açıq sahələr və Günəş enerjisindən istifadə edən, həşəratlardan qoruyucu torlarla təchiz olunmuş istixanalar ilboyu istehsala imkan yaradır.
Məhsullar xüsusi soyuq zəncir sistemi vasitəsilə 1–5 dərəcə temperaturda saxlanılır və yığımdan sonra 48 saat ərzində Honkonqa çatdırılır. Tərəvəzlər 200-dən çox pərakəndə satış məntəqəsində realizə olunur. Şirkətin bazar tələbatına əsaslanan istehsal modeli becərmə, emal, brend və marketinq mərhələlərini əhatə edir. Müəssisə hər il 150-dən çox şəxsi işlə təmin edir, kənd sakinlərinin torpaq icarəsindən və təsərrüfat fəaliyyətindən gəlir əldə etməsinə şərait yaradır.
Nümayəndə heyəti, həmçinin “Ningxia Wozhiyuan Technology” şirkətinin Günəş enerjisi ilə işləyən “ağıllı” istixana kompleksi ilə tanış olub. Şirkət suya qənaət edən suvarma sistemləri, şoranlaşmış torpaqların bərpası və tullantılardan təkrar resursların əldə edilməsi üzrə innovativ həllər tətbiq edir. Bu texnologiyalar Günəş panellərinin altında üzüm becərilməsini, yeraltı suvarmanı və çirkab suların təmizlənməsini də əhatə edir. Şirkətin texnologiyaları artıq 13 ölkədə tətbiq olunur.
Məlumat verilib ki, “ağıllı” istixanalarda Günəş enerjisindən istifadə, istilik izolyasiyası, suvarma və gübrələmə proseslərinin vahid sistem üzərindən idarə olunması resurslara qənaəti artırır. Şirkətin təqdim etdiyi göstəricilərə əsasən, bu texnologiyalar ənənəvi istixanalarla müqayisədə torpaq və su ehtiyatlarından istifadənin səmərəliliyini 35-40 faizdən çox artırır, istismar xərclərini isə təxminən 60 faiz azaldır.
Səfər çərçivəsində orqanik istehsal, müasir istixana texnologiyaları, ixrac imkanları və resurslardan səmərəli istifadə sahələrində qabaqcıl təcrübə öyrənilib.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib