14 oktyabr 2026 10:52
121

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti arasında ikili diplom proqramına başlanılıb. Proqram çərçivəsində bu il ilk dəfə tələbə qəbulu həyata keçirilib və 15 magistrant MBA proqramının “Maliyyə” ixtisaslaşması üzrə təhsil alacaq.

“İki sahil” xəbər verir ki,  Universitetdən bildirilib ki, proqramın şərtlərinə əsasən, magistrantlar ilk semestrdə UNEC-də, növbəti üç semestrdə isə Daşkənd Dövlət İqtisad Universitetində təhsil alacaqlar. Təhsil proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu veriləcək.

İkili diplom proqramı çərçivəsində UNEC-də təhsil alan özbəkistanlı magistrantlarla görüşən universitetin rektoru, professor Ədalət Muradov tələbələrə UNEC-in təhsil imkanları və beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verilib. Rektor diqqətə çatdırıb ki, UNEC-in xarici universitetlərlə 10-dan çox ikili diplom proqramı olsa da, bu proqram fərqli xüsusiyyəti ilə seçilir. Belə ki, digər proqramlardan fərqli olaraq, burada UNEC tələbələri təhsil almaq üçün xarici universitetə getmir, əksinə, əcnəbi tələbələr təhsil almaq üçün UNEC-ə gəlirlər.

Ədalət Muradov Özbəkistanla həyata keçirilən ikili diplom proqramının iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsinin inkişafı və beynəlxalq təhsil imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin magistrantların Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarının vacibliyi qeyd edilib.