14 oktyabr 2026 15:30
129

YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir.

YAP Bərdə rayon təşkilatı M.Müşfiq küçəsi,  Güloğlular kənd,  Həsənqaya kənd ərazi partiya təşkilatlarında keçirilən müşavirələrdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirələrdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək dövlət suverenliyimizin bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb. Bu parlaq nitqinə bütün müddəalarının  gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müşavirələrdə çıxış edən YAP Bərdə rayon təşkilatı M. Müşfiq küçəsi, O.Qayıbov küçəsi,  Həsənqaya, Mehdixanlı və Güloğlular kənd ərazi partiya təşkilat sədrləri Seymur İslamov,  Tofiq Piriyev,  Müfaqət Əliyev, Bəylər Abdullayev,  Oktay Salahov, Salim Qəmbərov, Tərtər Regional Qİİ Bərdə xidmət sahəsinin rəisi Ədalət İslamov ölkə  Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar. Onlar  bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin dahi dühasının və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət var. Həmçinin müşavirələrdə Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub.

Sonda VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqindən irəli gələn  məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində  partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.