Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri və səfər çərçivəsində iki ölkə arasında əldə olunan razılaşmalar Azərbaycan-Kamboca münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. İqtisadi, hümanitar və digər sahələr üzrə əməkdaşlıq yeni imkanların yaranmasına gətirib çıxaracaq. Rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,25 milyon dollar, 2023-cü ilin yanvar-sentyabr aylarında isə 3,93 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi münasibətlərin genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu göstərir.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bir sıra məqamlara toxunub: “Biz yaxşı dost və tərəfdaşıq. Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik. Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq. Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək”.
Dövlət başçısı mina təhlükəsizliyi məsələsinə də toxunub: “Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır”.
Kamboca Krallığının Baş naziri Hun Manet isə öz növbəsində “növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir” fikirləri ilə iki ölkə arasında olan münasibətlərdən danışıb. Bildirib ki, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir: “Biz, həmçinin ölkələrimizin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün keçirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsinə şərait yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarını müzakirə etdik. Düşünürəm ki, müzakirələrimizin əsas məğzi bunlardan ibarətdir”.
Beləliklə, Azərbaycan və Kamboca arasında münasibətlərin inkişafı üçün həm siyasi zəmin, həm də yeni iqtisadi imkanlar mövcuddur. Hun Manetin Azərbaycana səfəri çərçivəsində əldə olunan razılaşmalar bu potensialın reallaşdırılması üçün əlavə imkanlar yaradır.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir
“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub