14 oktyabr 2026 16:10
142

Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

Azərbaycan–Laos siyasi münasibətləri uzun illərdir ki, qarşılıqlı hörmət və anlaşma şəraitində davam etməkdədir. Otuz ildən artıq müddəti əhatə edən diplomatik əlaqələrin qurulması siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın inkişafını daim təmin edib, möhkəm etimad mühitini formalaşdırıb. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik göstərib, bir-birinə qarşılıqlı dəstək verib ki, bu səmimi münasibətlər əsl dostluğa çevrilib.

Oktyabrın 13-də Azərbaycana rəsmi səfər edən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitinin Prezident İlham Əliyevlə görüşləri və aparılan faydalı müzakirələr isə münasibətlərin inkişafında yeni dövrün başlanması kimi səciyyələndirilə bilər.

Hələ sovetlər dövründə – 1982-ci ildə Bakıda olan cənab Sisulitinin 44 il sonra dövlət başçısı kimi müstəqil Azərbaycan ilk dəfə səfər etməsi isə xüsusi məzmun daşıyır. Ötən illər ərzində sürətli inkişafa və sənaye transformasiyasına daxil olan Azərbaycana dövlət başçısı qismində gəlmək tarixi bir mərhələnin başlanğıcıdır.

Səfər dövlətlər arasında yeni siyasi və iqtisadi prioritetləri müəyyənləşdirmək baxımından faydalı gündəlik formalaşdırır, ənənəvi əlaqələrin daha sıx və səmərəli tərəfdaşlığını təyin edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcək. Eyni zamanda, iqtisadi sahədə daha da fəal əməkdaşlığa təkan verəcək.

Prezidentlərin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərdən də aydın görmək olur ki, həm təkbətək, həm də geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, konkret addımlar müəyyən edilib. Xüsusilə imzalanan sənədlər arasında Birgə Bəyanat siyasi münasibətlərdə yeni səhifənin açılması kimi qiymətləndirilir.

Bu, rəsmi Bakı ilə Vyentyan arasında əlaqələrin çoxşaxəli inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycanın dövlət başçısının bildirdiyi kimi, Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Eləcə də, kənd təsərrüfatı və ətraf mühit, xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər ikitərəfli əməkdaşlıq sahəsində hüquqi bazanı möhkəmləndirir.

Dövlətlər arasında parlamentlərarası əlaqələrin inkişafı da qənaətbəxşdir, habelə hakim partiyaların sıx əməkdaşlığı mövcuddur, bir neçə il əvvəl imzalanmış müvafiq Anlaşma Memorandumu partiyalararası dialoqun yüksək səviyyəsini əks etdirir.

Azərbaycan və Laos iqtisadi müstəvidə təmasları intensivləşdirmək, ticari mübadilələri artırmaq üçün konkret niyyətini də ifadə edir. Azərbaycan Laos tərəfindən təqdim edilən investisiya layihələrinə maraqla baxır və xarici ölkələrdə, o cümlədən Şərqi-Asiyada genişləndirdiyi sərmayə coğrafiyasına bu ölkəni də daxil etməyi nəzərdə tutur. Eyni zamanda, qarşı tərəfin də konkret olaraq iqtisadi-investisiya xəttinə qoşulmasında maraqlıdır. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq potensiallarını praktiki işə çevirmək yönündə də konkret addımların atılması nəzərdə tutulur. Ən önəmlisi odur ki, hər iki tərəfin bunun üçün qarşılıqlı iradəsi mövcuddur.

Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri sovet dövründə laoslu tələbələrin Azərbaycanda təhsil almaq ənənəsinin bərpasıdır ki, bu məqsədlə müvafiq təqaüdlər mexanizminin hazırlanması nəzərdə tutulur.

Azərbaycan və Laosu narahat edən məqamlardan biri də mina problemidir. Neçə onilliklər keçməsinə baxmayaraq laoslular hələ də minalardan əziyyət çəkir, həyatlarını, sağlamlıqlarını itirirlər. Eləcə də, Ermənistanın işğalı nəticəsində torpaqlarında bir milyondan çox minanın basdırıldığı Azərbaycan Vətən müharibəsindən sonrakı illər ərzində 400-dən çox vətəndaşının həyatını itirməsi və ağır yaralanması ilə üzləşib. Bu cəhətdən minatəmizləmədə təcrübə mübadiləsi hər iki tərəfə fayda verə bilər.

Azərbaycan əlverişli coğrafi mövqeyi, logistika imkanları ilə Şərq və Qərb arasında etibarlı və təhlükəsiz nəqliyyat körpüsünə çevrilməkdədir. Ölkəmizin öz ərazisində bütün əsas nəqliyyat-logistika layihələrini reallaşdırması Uzaq Asiya regionundan yüklərin yeni ünvanlardan səfərbər edilməsi və həcminin artırılmasını təşviq edir, daha geniş nəqliyyat həmrəyliyi yaradır. Bu cəhətdən Laosdan daşınan yüklərin Trans-Xəzər nəqliyyat marşrutu (Orta Dəhliz) vasitəsilə Azərbaycan üzərindən Avropaya nəqli üçün də əlverişli imkanlar yaranır. Bu, həm tərəflər arasında nəqliyyat bağlantılarını təmin edir, həm də iqtisadi mübadilələrin asanlaşması üçün institusional zəmin yaradır.

Bakıda Laos və Azərbaycanın biznes ictimaiyyətinin təmsilçiliyi ilə keçirilən biznes-forum yuxarıda qeyd edilən başlıca prioritetlərə çatmaqda mühüm rol oynaya bilər. Sürətli qlobal dəyişikliklər fonunda baş tutan bu təşəbbüslər təchizat zəncirlərini və sərmayə qərarlarını yenidən formalaşdıran mühüm iqtisadi addım deməkdir. Azərbaycan dövlət başçısının bəyan etdiyi kimi biznes-forum iqtisadi-ticari imkanları artırmaq istiqamətində xüsusi önəm daşıyır.

Ümumilikdə, iki ölkənin iqtisadi niyyəti və biznes-forum çərçivəsində müəyyənləşəcək prioritetlər dövlət şirkətləri ilə yanaşı, özəl sektorun nümayəndələri arasında ticarət, sərmayə və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradacaq. Bu kontekstdən yanaşdıqda, fəal siyasi dialoqu gücləndirən Azərbaycan və Laos, eyni zamanda, sıx iqtisadi münasibətləri təmin etməklə hərtərəfli və bir-birini tamamlayan ortaq layihələrin icrasında maraqlıdırlar.

Ramid Namazov,
Milli Məclisin deputatı