14 oktyabr 2026 18:04
102

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi – “Rebuild Garabagh” keçirilir.

sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işlərinə, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsinə, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir. Kənd Təsərrüfatı Nazirliyi sərgidə geniş stendlə təmsil olunur.

Nazirliyin stendində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahə, informasiya texnologiyaları və kompüter elmləri istiqamətləri üzrə təhsil alan tələbələrin innovativ startap layihələri, texnoloji həlləri və ideyaları təqdim olunur. Müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr elmi bilik və bacarıqlarını praktiki təşəbbüslərə çevirən layihələrini ziyarətçilərlə bölüşür, aqrar sahədə innovativ düşüncənin təşviqinə və müasir texnologiyaların tətbiqi imkanlarının tanıdılmasına töhfə verirlər.

Təqdim olunan startaplar kənd təsərrüfatında rəqəmsallaşma, süni intellekt, robototexnika, resurslardan səmərəli istifadə, innovativ istehsal üsulları və aqroturizm kimi müxtəlif istiqamətləri əhatə edir. Layihələr aqrar sahənin mövcud ehtiyaclarına müasir texnologiyalar əsasında həll yollarının tapılmasına, gənclərin innovativ təşəbbüslərinin və sahibkarlıq potensialının dəstəklənməsinə xidmət edir.

Sərgi çərçivəsində işğaldan azad edilmiş Ağdam, Laçın, Xankəndi, Zəngilan və Kəlbəcər rayonlarında keçirilən aqrar biznes festivallarına, eləcə də Bal festivalına həsr olunmuş videoçarxlar nümayiş etdirilir. Videoçarxlar vasitəsilə ziyarətçilərə həmin ərazilərdə təşkil olunan festivallar, aqrar sahədə sahibkarlıq təşəbbüslərinin təşviqi və kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə torpaqların əkinə hazırlanması və kənd təsərrüfatına cəlb olunması istiqamətində həyata keçirilən fəaliyyətləri əks etdirən videoçarxlar da nümayiş olunur.

Sərgi çərçivəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, eləcə də kənd təsərrüfatı nazirinin müavinləri  Elçin Zeynalov və Seymur Səfərli Kənd Təsərrüfatı Nazirliyinin stendinə baxış keçiriblər. Baxış zamanı aqrar sahədə fəaliyyət göstərən startapçılar təqdim etdikləri məhsullar, innovativ layihələr və texnoloji həllər barədə ətraflı məlumat veriblər.

Kənd Təsərrüfatı Nazirliyi “Rebuild Garabagh” sərgisində iştirakı ilə aqrar sahədə həyata keçirilən dövlət proqramlarını və layihələri, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində görülən işləri, eləcə də rəqəmsal həllərin və innovativ texnologiyaların tətbiqi imkanlarını ictimaiyyətə təqdim edir.