15 oktyabr 2026 10:16
116

Füzuli – Azərbaycanın qalib dövlət kimi qurduğu yeni gələcəyin ünvanıdır

17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsini deyil, eyni zamanda üç onillik ərzində doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, Qarabağda yeni həyatın başlanmasının rəmzidir. Füzulinin timsalında Azərbaycanın hərbi Zəfərinin siyasi-diplomatik iradə, iqtisadi imkanlar və genişmiqyaslı quruculuq siyasəti ilə tamamlandığının aydın mənzərəsini görmək mümkündür. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazini əhatə edən Füzuli rayonu coğrafi mövqeyinə görə Azərbaycanın mühüm bölgələrindən biridir. 1386 kvadratkilometr ərazini əhatə edən rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəddir, cənub istiqamətində isə Araz çayı boyunca İranla sərhədlənir. Quruçay, Köndələnçay və Çərəkən çaylarının rayon ərazisindən keçməsi Füzulinin təbii-coğrafi xüsusiyyətlərini tamamlayır. Füzuli həm də zəngin tarixi-mədəni irsə malik Azərbaycan torpağıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq yaşayış məskəni əsasında 1930-cu ildə rayon təşkil edilmiş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı Füzuli olaraq dəyişdirilmişdir. Bu ad yalnız coğrafi məkanın deyil, Azərbaycanın zəngin ədəbi-mədəni irsinin də daşıyıcısına çevrilmişdir.
İşğaldan əvvəl Füzuli rayonu tarix və mədəniyyət abidələri ilə zəngin ərazilərdən biri idi. Babı kəndində yerləşən XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlərə aid qəbirüstü abidə və XIX əsrin Cəlil türbəsi Füzulinin çoxəsrlik tarixinin mühüm izləridir. Bu abidələr Azərbaycanın bu ərazidəki tarixi-mədəni varlığının maddi sübutları olmaqla yanaşı, xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir. Lakin Füzulinin yaxın tarixi həm də ağır işğal və faciələrlə yadda qalıb. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal və hərbi təcavüz nəticəsində rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərədək insan müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Bununla belə, Füzulinin böyük hissəsinin azad olunması üçün daha 26 il gözləmək lazım gəldi. 2020-ci il Vətən müharibəsi bu tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində həlledici mərhələ oldu. Füzuli uğrunda döyüşlər Azərbaycanın hərbi tarixinin ən ağır və mürəkkəb əməliyyatlarından biri kimi yadda qaldı. Təxminən 30 il ərzində təmas xəttində çoxsaylı müdafiə istehkamları yaradan düşmənin mövqelərinin yarılması Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, peşəkarlığının, texniki üstünlüyünün və şəxsi heyətin misilsiz qəhrəmanlığının nəticəsi idi. 17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına Füzulinin azad edildiyi şanlı tarix kimi həkk olundu. Həmin gün Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşmən işğalından qurtarıldı. Füzuli istiqamətində qazanılan hərbi uğur sonrakı əməliyyatların gedişinə də mühüm təsir göstərdi. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərinin yarılması Azərbaycan Ordusuna strateji üstünlük qazandırdı və digər istiqamətlərdə hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün mühüm imkanlar yaratdı. Füzuli Zəfəri Azərbaycan Ordusunun yalnız bir ərazini azad etmək gücündə olmadığını, mürəkkəb relyef və möhkəmləndirilmiş müdafiə sistemlərini də yarmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər, ilk növbədə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin, uzaqgörən strategiyasının və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi idi. Füzuli uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçunun “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması bu tarixi Qələbədə iştirak edən hərbçilərin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Füzulinin azad olunmasından sonra qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. İşğal illərində şəhər və kəndlər dağıdılmış, sosial və iqtisadi infrastruktur tamamilə məhv edilmiş, ərazilər minalarla çirkləndirilmişdi. İlkin hesablamalara görə, Füzuli rayonunda yüz mindən çox mina basdırılıb. Bu fakt işğalın yalnız hərbi nəticələrini deyil, onun insan həyatı və regionun gələcək inkişafı üçün yaratdığı uzunmüddətli təhlükələri də göstərir. Azərbaycan dövlətinin postmüharibə siyasətində Füzulinin bərpası xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti nəticəsində Füzuli artıq dağıntıların deyil, yeni inkişaf modelinin simvoluna çevrilir. 2023-cü il martın 18-də Nazirlər Kabineti tərəfindən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Azad edilmiş ərazilərin bərpasında əsas məqsəd yalnız dağıdılmış tikililərin yenidən inşa edilməsi deyil, müasir, dayanıqlı və insanların rahat yaşayışı üçün bütün imkanlara malik şəhər və kəndlərin yaradılmasıdır. Füzulidə həyata keçirilən layihələr də məhz bu konsepsiyanın tərkib hissəsidir. Elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verilib. Köndələnçay su anbarları kompleksinin yenidən qurulması isə rayonun su təminatı və kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Füzulinin strateji əhəmiyyətini artıran əsas istiqamətlərdən biri nəqliyyat infrastrukturunun yaradılmasıdır. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi Füzulini Qarabağın digər bölgələri ilə birləşdirən mühüm nəqliyyat qovşağına çevirir. Füzuli Beynəlxalq Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci ilin oktyabrında istifadəyə verilməsi isə Azərbaycanın azad edilmiş ərazilərin bərpasına verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı həm bölgənin logistika imkanlarını genişləndirir, həm də beynəlxalq əlaqələrin inkişafına xidmət edir. Füzulidə həyata keçirilən quruculuq prosesinin miqyası Prezident İlham Əliyevin rayon ərazisinə çoxsaylı səfərləri zamanı verdiyi tapşırıqlarda və təməli qoyulan, açılışı keçirilən layihələrdə aydın şəkildə öz əksini tapır. 2020-ci ilin noyabrında Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılmasından başlayaraq sonrakı illərdə yol, enerji, su, səhiyyə, təhsil, yaşayış və sosial infrastruktura dair çoxsaylı layihələrin icrası Füzulinin yeni inkişaf mərhələsinin ardıcıl xarakter daşıdığını göstərir. Füzulinin dirçəlişi Böyük Qayıdış siyasətinin də mühüm istiqamətlərindən biridir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. İlkin mərhələdə 144 ailənin köçürülməsi ilə başlayan proses bu gün artıq daha geniş miqyas alıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Bu rəqəmlər təkcə statistik göstərici deyil. Hər bir ailənin qayıdışı üç onillik həsrətin sona çatması, doğma yurdda yeni həyatın başlanması deməkdir. Füzulidə Böyük Qayıdışın əsas xüsusiyyətlərindən biri müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış mühitinin formalaşdırılmasıdır. Burada yaşayış məhəllələri, sosial obyektlər, məktəb, uşaq bağçası, idman və inzibati infrastrukturlar yaradılır. Bu yanaşma Azərbaycanın azad edilmiş ərazilərdə “qayıdış” anlayışını yalnız insanların öz doğma yurdlarına köçürülməsi kimi deyil, təhlükəsiz, müasir və layiqli həyat şəraitinin təmin edilməsi kimi qəbul etdiyini göstərir. Füzulinin bərpası eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinin yeni məzmununu nümayiş etdirir. Qardaş Özbəkistanın Füzulinin yenidən qurulmasına verdiyi dəstək bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm rəmzidir. Müasir təhsil infrastrukturu ilə təmin olunan məktəb Füzulinin yeni nəslinin formalaşmasına xidmət etməklə yanaşı, Azərbaycan-Özbəkistan qardaşlığının konkret nümunəsinə çevrilib. Qazaxıstanın Füzulidə həyata keçirdiyi layihə də türk dünyasının həmrəyliyinin əyani ifadəsidir. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı keçirilib. Füzulidə qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan belə bir mərkəzin yaradılması yalnız mədəni layihə deyil, Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mənəvi və humanitar bağların daha da möhkəmləndirilməsinin rəmzidir. Füzulinin bərpası prosesində dost və qardaş ölkələrin iştirak etməsi Azərbaycanın Qarabağ məsələsində qazandığı beynəlxalq siyasi dəstəyin yeni mərhələyə keçdiyini də nümayiş etdirir. İşğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən ölkələrin bu gün azad edilmiş ərazilərin bərpasında iştirak etməsi həmrəylik və tərəfdaşlığın real layihələrdə təcəssümüdür. Bu baxımdan Füzuli həm də türk dövlətləri arasında əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq dəyərlərin praktik ifadə olunduğu məkandır. Füzulidə aparılan quruculuq işləri regionun beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından da mühüm perspektivlər açır. Əlverişli coğrafi mövqe, yeni avtomobil yolları, hava limanı, enerji və su infrastrukturu Füzulinin gələcəkdə Qarabağın mühüm iqtisadi və sosial mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm təməl yaradır. Burada həyata keçirilən layihələr Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkənin ümumi iqtisadi inkişaf sisteminə inteqrasiya etmək strategiyasının mühüm hissəsidir. Füzulinin yeni inkişaf dövrü Prezident cənab İlham Əliyevin azad edilmiş ərazilərə müntəzəm səfərləri ilə də müşayiət olunur. Bu səfərlər zamanı şəhər və kəndlərin baş planlarının müzakirəsindən tutmuş yol, enerji, su, yaşayış və sosial obyektlərin təməlinin qoyulmasına, beynəlxalq tərəfdaşlarla birgə layihələrin açılışına qədər çoxsaylı tədbirlər həyata keçirilib. Bu ardıcıllıq dövlət siyasətinin əsas prinsipini – azad edilmiş ərazilərin kompleks şəkildə, mərhələli və planlı formada bərpasını – aydın şəkildə nümayiş etdirir. Füzulinin taleyi Azərbaycanın son otuz ildə keçdiyi mürəkkəb tarixi yolun mühüm göstəricilərindən biridir. Bir vaxtlar işğal altında olan, şəhərləri və kəndləri dağıdılan, əhalisi doğma yurdlarından didərgin salınan Füzuli bu gün yenidən qurulan, sakinlərini qəbul edən, müasir infrastruktura malik yeni şəhərsalma məkanına çevrilir. Bu dəyişiklik Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və Zəfərdən sonra həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. 17 Oktyabr-Füzuli şəhəri gününün təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli yaddaşımızın mühüm hadisələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. Füzuli bu gün həm Zəfərin, həm qayıdışın, həm də quruculuğun simvoludur. Burada ucalan yeni binalar, salınan yollar, fəaliyyət göstərən məktəblər və sosial obyektlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaratdığı yeni reallığın göstəriciləridir. Füzulidə həyatın yenidən canlanması xalqımızın tarixi yaddaşının bərpası ilə yanaşı, Qarabağda sülhün, sabitliyin və davamlı inkişafın möhkəmləndirilməsinə də xidmət edir. Bu baxımdan Füzuli şəhəri günü yalnız keçmişin xatırlanması deyil, gələcəyə baxış günüdür. Füzulinin timsalında Azərbaycan dünyaya göstərir ki, dağıntıdan sonra quruculuq, işğaldan sonra qayıdış, müharibədən sonra sülh və inkişaf mümkündür. Bu gün Füzuli şəhərində dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın tarixi ədalətə olan inamının, dövlətimizin gücünün və Zəfərimizin əbədi rəmzidir. 17 Oktyabr-Füzuli şəhəri günü münasibətilə Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk. Füzulinin azadlığı və yenidən qurulması Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi salnaməsində özünəməxsus yer tutur və bu şəhərin gələcək inkişafı dövlətimizin Qarabağda yaratdığı yeni reallığın mühüm tərkib hissəsi olaraq davam edəcək.

Tahir Mirkişili,

Milli Məclisin deputatı