15 oktyabr 2026 17:01
150

Tərtərdə növbəti “Toxum Sərgi-Satış Yarmarkası” keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda növbəti “Toxum sərgi-satış yarmarkası” keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi fermerlərin keyfiyyətli toxumlara çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq subyektləri ilə kənd təsərrüfatı istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də aqrar sahədə tətbiq olunan dövlət dəstək mexanizmləri barədə məlumatlılığın artırılması olub. 
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iştirak ediblər. Çıxışlarda aqrar sahənin inkişafında fermerlərin rolunun artırılması, kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və dövlət dəstək mexanizmləri barədə məlumatlılığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, bu cür tədbirlərin fermerlər, sahibkarlar və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Tədbirdə müxtəlif toxumçuluq subyektləri və toxumçuluq şirkətləri fermerlərlə birbaşa əlaqələr qurmaq və istehsal etdikləri toxum sortlarını nümayiş etdirmək imkanı əldə ediblər. Yarmarka kənd təsərrüfatı istehsalçıları ilə toxum təchizatçıları arasında işgüzar əlaqələrin inkişafı və fermerlərin keyfiyyətli əkin materialları ilə təmin olunması baxımından əhəmiyyət daşıyıb.
Yarmarka çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə də keçirilib. Paneldə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, aqrar sahədə tətbiq olunan dəstək mexanizmləri və fermerlərin bu imkanlardan yararlanma yolları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim olunan subsidiya və güzəştli maliyyələşmə imkanları barədə ətraflı məlumat verilib. Fermerlərin dövlət dəstəyindən səmərəli istifadəsi, kənd təsərrüfatında maliyyə əlçatanlığının artırılması və istehsalın stimullaşdırılması məsələlərinə diqqət yetirilib.
Paneldə Aqrar Subsidiya Şurasının 7 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş yeni dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qərarla bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. 
Tədbirin sonunda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.