15 oktyabr 2026 21:59
100

Çıxış rəsmi Bakının dünyəvi proseslərə sülh missiyalı münasibətinin göstəricisi kimi tarixləşdi

Bütün beynəlxalq təşkilatların başlıca missiyası dünyəvi proseslərin nizamlanmasında işti­rak etmək, bu proseslərin davamlığını təmin etmək və s. kimi müəyyənləşdirilir. Ötən əsrin sonla­rın­da, dünya proseslərinə son dərəcədə ciddi təsirə malik olan SSRİ dağıldıqdan sonra yaradılan beynəl­xalq təşkilatlar bu missiyanı daha geniş formatda həyata keçirir.

Azərbaycan ərazi baxımından həm Avropa dövlətidir, həm də Asiya. Bu baxımdan Azər­bay­can hər iki qitənin siyasi, iqtisadi və digər müvafiq məsələlərində hüquqi baxımdan iştirakçı olur. Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü (AQEM) də bu tezisin gerçəkliyinin təsdiqi kimi tarixləşdi.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin ikitərəfli və çox­tə­rəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahə­lər­də əməkdaşlığının regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirdiyini, dövl­ət müstəqilliyi bərpa olunduqdan sonra Azər­baycanın dünya miqyasında ikili standartlarla üz­ləş­diyini, Ermə­nis­tanın apardığı işğalçılıq müharibəsində BMT-nin Təhlükəsizlik Şurasının qət­na­mə­lərinin yerinə yetirilmədiyini, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyətini, ... xatırla­da­raq dedi: “Ermə­nistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azər­baycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yer­lə­rinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətna­mələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parla­men­tinin və Avropa Şurasının davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə aldığını, bununla da tə­cavüz­kar Ermə­nis­tanı həvəsləndirdiyini də bildirən dövlət başçımız İkinci Qarabağ müharibə­si­nin necə başladığına, necə sona çatdığına da aydınlıq gətirdi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu bildirdi. Bu xatırlatmalar Azərbaycan gerçəkliklərinin bir tədbir miqyasında düşüncə­lər­də yaradacağı siyasi rezonansın dünyəvi proseslərin sülhlə tənzimlənməli ol­du­ğunun xatırladılması kimi yaşanıldı. Dünyada müharibəyə yönələn, yönəldilən siyasət vaxtında qına­nar­sa, bu qınaq dövlətlərarası münasibətlərdə ciddi təsirə malik olarsa, bütün münaqişələrin, müna­qişə səviyyəsini aşan silahlı qarşıdurmaların qarşısı da vaxtında alına bilər. Bu baxımdan Azər­baycan Respub­li­ka­sının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini də diqqətə çatdıran dövlət baş­çımız bildirdi ki, “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüs­lə­rimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təş­viqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Dövlət başçımız çıxışında mühüm bir fikir də səsləndirdi. Bu fikir, əslində, dünyada sülhün, əmin-amanlığın qorunmasında son dərəcədə gərəkli olan bir məqamın dövlətlərin siyasi baxışlarının işığına çevirilməsinin zəruriliyinin unudulmamasının tövsiyəsi idi: “BMT-nin Təhlükəsizlik Şu­ra­sı­nın və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən me­xa­nizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri mey­dana çıxacaq”.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Gö­rüşü, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı rəsmi Bakının dünyəvi proseslərə humanist və sülh missiyalı münasibətinin göstəricisi kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı