16 oktyabr 2026 12:17
98

Azərbaycan–Laos münasibətləri: siyasi, iqtisadi və diplomatik əməkdaşlığın inkişaf perspektivləri

Asiyanın müxtəlif coğrafi məkanlarında yerləşən Azərbaycan və Laos arasında əməkdaşlığın genişləndirilməsi beynəlxalq əlaqələrin şaxələndirilməsi, yeni tərəfdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı maraqların uzlaşdırılması baxımından perspektivlidir. İkitərəfli  münasibətlər son dövrlərdə siyasi dialoq müstəvisindən real iqtisadi və strateji tərəfdaşlıq mərhələsinə keçid edir. Uzun illərdir davam edən ənənəvi dostluq əlaqələri Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də ölkəmizə reallaşan rəsmi səfəri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu münasibətlərin təməli keçən əsrin 80-ci illərində qoyulub. Beynəlxalq təşkilatlar çərçivəsində tərəflər bir-birini dəstəkləyir, siyasi həmrəylik nümayiş etdirirlər.

Səfərin siyasi əhəmiyyəti, ilk növbədə, iki ölkənin münasibətlərə verdiyi önəmdə ifadə olunur. Rəsmi görüşlərin keçirilməsi, geniş tərkibdə müzakirələrin keçirilməsi əlaqələrin inkişafına institusional məzmun qazandırır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər. Həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalandı. Birgə Bəyanət gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin mətbuata bəyanatında iqtisadi əməkdaşlığın mövcud vəziyyətinə diqqət yetirməsi bu səfərin əsas istiqamətlərindən birini aydın göstərir. Dövlət başçısının ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini vurğulaması münasibətlərin gələcək inkişafı üçün istifadə edilməmiş imkanların olduğunu ortaya qoyur. Bu yanaşma mövcud əlaqələrlə kifayətlənməmək, siyasi münasibətlərdə əldə olunmuş müsbət təcrübəni iqtisadi sahəyə də daşımaq niyyətindən xəbər verir.

Cənab İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edildi ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycan investisiyalar məkanı kimi tanınmaqla yanaşı, xarici ölkələrə sərmayə qoyuluşu ilə də diqqətdədir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr həm imkanlarımızı göstərir, həm də qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Dövlətimizin başçısı İlham Əliyev Azərbatcanın tranzit imkanlarından bəhs edərək bildirdi ki, ölkə ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Bu əminlik də ifadə olundu ki, hər iki tərəfdə reallaşan bütün  layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq. Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri sovet dövründə laoslu tələbələrin Azərbaycanda təhsil almaq ənənəsinin bərpasıdır ki, bu məqsədlə müvafiq təqaüdlər mexanizminin hazırlanması nəzərdə tutulur. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır.  

Azərbaycan və Laosu narahat edən məqamlardan biri də mina problemidir. Neçə onilliklər keçməsinə baxmayaraq laoslular hələ də minalardan əziyyət çəkir, həyatlarını, sağlamlıqlarını itirirlər. Eləcə də, Ermənistanın işğalı nəticəsində torpaqlarında bir milyondan çox minanın basdırıldığı Azərbaycan Vətən müharibəsindən sonrakı illər ərzində 400-dən çox vətəndaşının həyatını itirməsi və ağır yaralanması ilə üzləşib. Bu baxımdan minatəmizləmədə təcrübə mübadiləsi hər iki tərəfə fayda verə bilər.

Azərbaycan hər zaman uğurli xarici siyasəti nəticəsində yeni dostlar qazanmaqla bərabər, həm də mövcud tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirmək üçün mühüm addımlar atır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri