16 oktyabr 2026 18:12
109

Tarixi ədalətin bərpasından yeni həyata

Ölkəmizin hər bir bölgəsi milli tariximizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin formalaşmasında özünəməxsus yer tutur. Qarabağın mühüm yaşayış məntəqələrindən biri olan Füzuli isə həm coğrafi mövqeyi, həm zəngin tarixi-mədəni irsi, həm də müasir Azərbaycan tarixində baş vermiş mühüm hadisələrlə xüsusi əhəmiyyət daşıyır.

1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın bir sıra əraziləri işğala məruz qaldı. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Minlərlə insan doğma evlərini tərk etməyə məcbur oldu. İşğal illərində Füzulinin şəhər mühiti və tarixi irsi ciddi dağıntılara məruz qaldı. Vaxtilə yaşayış və təsərrüfat fəaliyyəti ilə seçilən şəhərin böyük hissəsi xarabalığa çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirərək işğal altındakı ərazilərin azad olunması istiqamətində irəlilədi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Həmin gün şəhərlə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də azad edildiyi elan olundu. Bu hadisə Vətən müharibəsinin 21-ci günündə Azərbaycan xalqına böyük sevinc və mənəvi güc bəxş etdi. Bu tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı, hərbçilərin qəhrəmanlığı və xalqın birliyi mühüm rol oynadı. Füzulinin azad edilməsi Vətən müharibəsinin strateji baxımdan əhəmiyyətli mərhələlərindən biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ciddi irəliləyiş yaratdı. Füzuli azad edildikdən sonra Prezident İlham Əliyev xalqa müraciət edərək şəhərin və ətraf kəndlərin azad olunması xəbərini çatdırdı. Bu müraciət yalnız hərbi uğurun elan edilməsi deyil, həm də ölkə daxilində mənəvi birliyin və qələbəyə inamın güclənməsi baxımından əhəmiyyətli idi.

Hər il oktyabrın 17-də qeyd olunan Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında təkcə hərbi qələbənin ildönümü kimi deyil, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtmaq ümidinin gerçəkləşməsinin rəmzi kimi də yaşayır. Bu tarix işğalın ağır nəticələrindən azadlığa, məcburi köçkünlükdən doğma yurdda yenidən məskunlaşmaya uzanan mürəkkəb tarixi yolun mühüm mərhələsini ifadə edir. Füzulinin azad edilməsi yalnız müəyyən ərazinin hərbi nəzarətə qaytarılması deyil, həm də həmin torpaqların tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisədir. Şəhərin azad olunması onun inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Lakin uzun illər ərzində dağıdılmış yaşayış məntəqəsinin yenidən qurulması yalnız siyasi iradə deyil, böyük maliyyə resursları, mühəndislik imkanları, müasir şəhərsalma yanaşmaları və uzunmüddətli planlaşdırma tələb edir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlayaraq Füzulinin gələcək inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirməyə başladı. Şəhərin Baş planı hazırlanaraq 2021-ci ildə ictimaiyyətə təqdim edildi. Plan müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin təşkili, sosial xidmətlərin əlçatanlığı və şəhərin nəqliyyat-logistika imkanlarının inkişafı kimi istiqamətləri əhatə edir. Bu prosesin ən diqqətçəkən layihələrindən biri Füzuli Beynəlxalq Hava Limanıdır. 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının açılış mərasimində iştirak etdilər. Müasir standartlara uyğun inşa edilmiş bu hava limanı regionun nəqliyyat imkanlarını genişləndirmək, beynəlxalq əlaqələri gücləndirmək və Qarabağın bərpasına əlavə təkan vermək baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları kimi layihələr regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edir. Elektrik təchizatı, su infrastrukturu, sosial obyektlər və digər mühüm sistemlərin qurulması da şəhərin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Məqsəd insanların rahat yaşaya, işləyə, təhsil ala və sosial xidmətlərdən istifadə edə biləcəyi müasir şəhər mühiti yaratmaqdır. Bu baxımdan şəhərin yenidən qurulması Azərbaycan dövlətinin azad edilmiş ərazilərin inkişafına uzunmüddətli yanaşmasının mühüm nümunəsidir. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 17-də imzaladığı sərəncamla Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi üçün vəsait ayrılması nəzərdə tutulmuşdur. Kompleksin konsepsiyası erməni vandallarının torpaqlarımızda törətdikləri dağıntıları, xalqımızın məruz qaldığı ədalətsizliyi və çətin sınaqları yaddaşlarda yaşatmaq, Zəfərin tarixi əhəmiyyətini və şəhidlərin xatirəsini əbədiləşdirməyə yönəlmişdir. Memorial kompleks həm də hər bir şəhidin ailəsinə və xalqımızın ümumi kədərinə ehtiramın ifadəsidir.

2023-cü il avqustun 18-də Füzuli şəhərinə ilk köç karvanı yola salındı. Bu hadisə Böyük Qayıdış prosesinin mühüm mərhələsi olmaqla yanaşı, işğal dövründə doğma yurdlarından ayrı düşmüş insanlar üçün yeni həyatın başlanğıcı oldu. Uzun illər başqa şəhərlərdə yaşayan ailələrin yenidən öz doğma torpaqlarında məskunlaşması tarixi yaddaşın, ailə ənənələrinin və yerli icma həyatının bərpası baxımından böyük əhəmiyyət daşıyır. Füzulinin yenidən məskunlaşması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın bərpasının konkret nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Müasir Füzulinin qarşısında duran əsas vəzifələrdən biri tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma və iqtisadi inkişafı uzlaşdırmaqdır. Şəhərin bərpası zamanı mədəni irs nümunələrinin qorunması, yeni ictimai məkanların yaradılması və gələcək nəsillərin öz doğma yurdlarının tarixini öyrənməsi üçün şəraitin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Füzulinin dirçəlişi Azərbaycanın azad edilmiş torpaqlarında gələcəyə yönəlmiş inkişafın mühüm səhifələrindən biri kimi öz tarixi əhəmiyyətini qoruyub saxlayacaqdır.

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı