17 oktyabr 2026 14:19
147

Füzuli: Zəfərdən Böyük Qayıdışa uzanan möhtəşəm dirçəliş yolu

17 oktyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu tarix Füzuli şəhərinin işğaldan azad edildiyi, 30 ilə yaxın davam edən həsrətin sona çatdığı gündür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun Füzulini azad etməsi yalnız bir şəhərin düşmən tapdağından qurtuluşu deyil, həm də Azərbaycanın tarixi ədaləti bərpa etmək əzminin növbəti parlaq təcəssümü oldu. Bu gün 17 oktyabrın Füzuli Şəhəri Günü kimi qeyd olunması həmin Zəfərin milli yaddaşımızdakı əbədi yerinin göstəricisidir.

Bu möhtəşəm Zəfərin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli liderliyi dayanır. İlham Əliyev yalnız Zəfərin hərbi-siyasi memarı kimi tarixə düşmədi, eyni zamanda, Qələbədən dərhal sonra qarşıya qoyduğu böyük quruculuq missiyası ilə sübut etdi ki, Azərbaycanın məqsədi sadəcə torpaqları azad etmək deyil, həmin ərazilərdə həyatı yenidən canlandırmaq, şəhərləri müasir standartlar əsasında qurmaq və insanları doğma yurdlarına qaytarmaqdır.

Füzulinin bugünkü siması məhz bu dövlət siyasətinin canlı nümunəsidir. Bir vaxtlar işğal nəticəsində tamamilə dağıdılmış şəhər bu gün yeni yaşayış məhəllələri, yolları, məktəbləri, sosial obyektləri, enerji və su infrastrukturu ilə yenidən qurulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Füzuli Qarabağın ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilir.


Füzulinin dirçəlişini təcəssüm etdirən ən mühüm layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanıdır. Cəmi səkkiz ay ərzində inşa edilən hava limanının 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq imkanlarının bütün dünyaya nümayişi oldu.

“Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturu deyil. Bu aeroport Qarabağın dünyaya açılan yeni qapısı, regionun iqtisadi potensialının hərəkətə gətirilməsinin mühüm vasitəsi və Böyük Qayıdışın sürətləndirilməsinə xidmət edən strateji layihədir. Müasir standartlara cavab verən hava limanının qısa müddətdə inşa edilməsi Azərbaycanın iqtisadi və texniki imkanlarının, dövlət idarəçiliyinin və quruculuq potensialının daha bir göstəricisidir.

Zəfərin əsl mənası torpaqların azadlığı ilə məhdudlaşmır. Ən böyük qələbə illərlə doğma yurd həsrəti çəkən insanların öz evlərinə qayıtmasıdır. Füzulidə Böyük Qayıdış artıq reallığa çevrilib. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlayıb və bu proses mərhələli şəkildə davam edir.

Bu qayıdışın qarşısındakı ən böyük maneələrdən biri isə ərazilərin minalardan və partlayıcı sursatlardan təmizlənməsidir. Füzuli işğal dövründə ağır mina çirklənməsinə məruz qalan ərazilərdən biri olub. Buna görə də burada minatəmizləmə işləri quruculuq prosesinin ayrılmaz hissəsinə çevrilib. Dövlət bütün imkanlarını səfərbər edərək ərazilərin təhlükəsizliyinin təmin olunmasına, insanların həyatının qorunmasına və Böyük Qayıdışın daha sürətli həyata keçirilməsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyev də Füzulidə bərpa prosesinin ilk mərhələlərindən etibarən minalardan təmizlənmənin vacibliyini xüsusi vurğulayıb.

Bu gün Füzulidə həyata keçirilən layihələr Azərbaycanın dost və qardaş dövlətlərlə münasibətlərinin də mühüm göstəricisidir.  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə 960 şagird yerlik məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Bu layihələr Füzulinin bərpasının yalnız Azərbaycanın deyil, Türk dünyasının da böyük diqqət mərkəzində olduğunu göstərir.

Füzuli bu gün keçmişin dağıntılarından gələcəyin müasir şəhərinə çevrilir. Burada salınan yollar, yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, enerji və nəqliyyat infrastrukturu bir həqiqəti nümayiş etdirir: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra quruculuq mərhələsinə də eyni qətiyyətlə daxil olub.

Füzulinin hər bir yeni binası, hər bir yeni yolu, hər bir qayıdan ailəsi Zəfərin davamıdır. Bu şəhərin yenidən həyatla dolması şəhidlərimizin müqəddəs xatirəsinə ən böyük ehtiram, qazilərimizin qəhrəmanlığına ən layiqli töhfədir.
17 oktyabr Füzuli üçün azadlıq, Azərbaycan üçün Zəfər, gələcək nəsillər üçün isə dövlət iradəsinin və milli birliyin simvoludur.

Füzulinin azadlığı Zəfərin, dirçəlişi isə Azərbaycanın qüdrətinin təntənəsidir. Bu gün Füzuli yalnız keçmişə qayıtmır – o, Azərbaycanın parlaq gələcəyinə doğru inamla addımlayır.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini