2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard ABŞ dolları (125,8 milyard manat) təşkil edib. Hesabat dövründə Fondun ümumi gəlirləri 12,34 milyard manat, büdcə xərcləri isə 9,68 milyard manat olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) təşkil etdiyi halda, sentyabrın 30-na 74 milyard 4 milyon ABŞ dollarına (125 milyard 807 milyon manat) yüksəlib.
2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin ümumi gəlirləri 12 milyard 341,3 milyon manat təşkil edib. Bu məbləğin 8 milyard 740,6 milyon manatı neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirlərin, 3 milyard 600,7 milyon manatı isə vəsaitlərin idarə olunması fəaliyyətindən əldə olunan gəlirlərin payına düşüb.
Hesabat dövründə Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 740,6 milyon manat təşkil edib. Bunun 7 milyard 343,9 milyon manatı mənfəət neftinin və qazın satışından, 0,9 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 4,9 milyon manatı akrhesabı ödənişlərindən daxil olub. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın satışından 1 milyard 390,9 milyon manat vəsait əldə edilib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-yə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 570,6 milyon manat, Şahdəniz yatağından isə (qaz və kondensat) 565,1 milyon manat daxil olub.
Hesabat dövründə ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 milyard 628 milyon manat vəsait transfert edilib.
Bununla yanaşı, yanvar-sentyabr aylarında icrası davam edən layihələrin maliyyələşdirilməsinə 27,7 milyon manat yönəldilib. Həmin vəsaitin 3,6 milyon manatı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 21,9 milyon manatı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın, 2,2 milyon manatı isə beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinə sərf olunub.
Sözügedən dövrdə Fondun idarə edilməsi ilə bağlı xərcləri 25,5 milyon manat təşkil edib. Bundan əlavə, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 1 milyard 874 milyon manat büdcədənkənar xərc yaranıb.
ARDNF-nin məlumatında 2026-cı ilin üçüncü rübündə qlobal maliyyə bazarlarında müşahidə olunan vəziyyət və bu proseslərin Fondun investisiya portfelinə təsiri də əksini tapıb.
Bildirilib ki, davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasətlə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalıb. Rüb ərzində müşahidə olunan dəyişkənliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb. Dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olub. Enerji qiymətlərinin artması əmtəə bazarlarında əhəmiyyətli yüksəlişə səbəb olub, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib.
Üçüncü rübdə enerji qiymətlərinin yüksəlməsi, inflyasiyanın davam etməsi və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirib. Nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artıb. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması isə istiqrazların dəyərinə mənfi təsir edib.
Üçüncü rübdə dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləyib.
Avqust ayında bazarlarda güclü bərpa müşahidə olunsa da, sentyabrda istiqrazların gəlirlilik dərəcələrinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də geosiyasi gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərib və volatilliyin yüksəlməsinə səbəb olub. Bu amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurub. Şirkətlərin güclü fundamental göstəriciləri bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləyib.
Üçüncü rübdə qızılın qiymətində yüksək volatillik qeydə alınıb. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin təsiri ilə qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişib.