Hər il oktyabrın 25-i Azərbaycanın tarix yaddaşında milli qürur günü kimi qeyd olunur. Bu tarix-Qubadlı Şəhəri Günü -44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən bu əlamətdar gün doğma torpaqlarımızın işğaldan azad olunmasının, tarixi ədalətin bərpasının və qubadlıların həsrətinə son qoyulduğu müqəddəs bir anın rəmzidir.
Azərbaycanın cənub-qərbində, Zəngəzur yaylasında, Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşən Qubadlı bənzərsiz təbiəti, zəngin flora və faunası ilə seçilən dilbər guşələrimizdən biridir. Rayon qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə əhatələnib. Qubadlının tarixi kökləri qədim əsrlərə gedib çıxır. Ərazi özündə qədim yaşayış məskənlərinin izlərini, Alban dövrünə aid abidələri, daş kitabələri, türbələri və körpüləri qoruyub saxlayır. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olan Qubadlı həm də Azərbaycanın mədəniyyətə, elmə və incəsənətə böyük şəxsiyyətlər bəxş etmiş yurdudur.
1990-cı il iyulun 24-də şəhər statusu alan Qubadlı Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalan bölgələrimizdən biri oldu. 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı və ağır hərbi hücumları nəticəsində Qubadlı rayonu işğal edildi. Bu işğal nəticəsində rayonun 1 şəhəri və 93 kəndi düşmən tapdağı altında qaldı, minlərlə dinc sakin öz doğma ocağından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal illəri ərzində erməni vandalları Qubadlının maddi-mədəni irsini, məscidlərini, tarixi abidələrini, qəbiristanlıqlarını və təbiətini sistemli şəkildə dağıtdılar, ekoloji terrora məruz qoydular.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Cəbrayıl və Zəngilan istiqamətlərində uğurlu əməliyyatlardan sonra Qubadlı istiqamətində hücumu davam etdirdi. Sıldırım qayalıqlar, çətin relyef şəraitində gedən ağır döyüşlərdən sonra oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Qubadlının azad olunmasını elan etdi. Məhz Qubadlının azad edilməsi ilə Laçın dəhlizinə nəzarət imkanı yarandı və müharibənin taleyi həll olundu.
Bir il sonra, 25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Qubadlı rayon sakinlərini Qubadlıya dəvət edərək demişdi: "Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək."
Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi. Sərəncama əsasən 26 avqust Laçın, 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 20 noyabr Ağdam və 25 noyabr Kəlbəcər şəhəri günləri kimi müəyyən edildi. Beləliklə, 25 oktyabr rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi qeyd olunmağa başladı və bu il artıq beşinci dəfədir ki, bu əlamətdar gün təntənəli şəkildə qeyd olunur.
Qubadlı bu gün genişmiqyaslı bərpa və quruculuq meydanıdır. İşğaldan sonra ilk növbədə ərazinin minalardan təmizlənməsi həyata keçirildi. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizləndi, 412 kilometr ərazi boyunca təhlükəsizlik çəpərləri quruldu. Bu, quruculuq işlərinin sürətlə aparılmasına imkan yaratdı. Dövlət səviyyəsində Qubadlı şəhərinin Baş planı hazırlandı. "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Baş plan əsasında 2025-ci il iyunun 16-da şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanıldı və hazırda işlər sürətlə davam edir. Eyni zamanda ikinci yaşayış kompleksinin tikintisinə hazırlıq görülür.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı şəhərdə inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyuldu. Kəndlərin bərpası çərçivəsində Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli atıldı. Mahruzlu və Zilanlıda inşa olunan yeni yaşayış massivləri Böyük Qayıdış Proqramının mühüm mərhələlərindəndir. Burada da müasir infrastruktur - yollar, elektrik, qaz, rabitə xətləri, su təchizatı yaradılır. Bir sözlə, bu gün Qubadlıda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi potensialını və gələcəyə inamını ifadə edir.
İsmayıl İbrahimov,
YAP Hacıqıbul rayon təşkilatının sədri