21 oktyabr 2026 20:55
115

Türkiyə ərazisi ilə 9 ayda 144 milyon barelə yaxın BTC nefti nəql olunub

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 143,971 milyon barel neft nəql edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.

Məlumata görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 12,216 milyon barel və ya 7,8 % azdır.

Təkcə sentyabr ayında isə bu kəmər vasitəsilə 16,078 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 659 min barel və ya 3,9 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.