Əldə etdiyimiz məlumata görə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan, göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisinin 13 nəfərlik heyətində yer alan üç vətəndaşımızın hamısı xilas edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, onlardan yüngül xəsarət alan, 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçirilib və mehmanxanaya yerləşdirilib.
“Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür. Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”, - deyə Ayxan Hacızadə bildirib.
Maqsud Hüseynov: Azərbaycan təhlükəsiz və etibarlı kiberməkanın yaradılmasını dəstəkləyir
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb