29 oktyabr 2026 13:53
113

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub

27 və 28 oktyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.
İki gün davam edən yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə mübarizə apararaq öz bacarıq və ustalıqlarını nümayiş etdiriblər.
Yarışın ikinci günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr yaş kateqoriyalarında çıxışlar baş tutub. Gimnastlar qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər tərkibində temp və qarışıq hərəkətlər proqramları üzrə qüvvələrini sınayıblar. İştirakçılar mürəkkəb akrobatik elementlər, sinxron hərəkətlər və komanda üzvləri arasındakı qarşılıqlı uyğunluqla yadda qalan çıxışlar təqdim ediblər.
Günün ikinci yarısında isə aerobika gimnastikası üzrə yarışlar davam etdirilib. Uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında gimnastlar üçlüklər, qarışıq cütlüklər və qruplar proqramlarında çıxış ediblər. Dinamik hərəkətlər, yüksək temp və ritmik kompozisiyalarla zəngin çıxışlarda iştirakçılar fiziki hazırlıqlarını, çevikliklərini və hərəkət dəqiqliklərini nümayiş etdiriblər.
Hər iki gimnastika növü üzrə yarışların müvafiq mərhələləri başa çatdıqdan sonra mükafatlandırma mərasimləri təşkil olunub. Müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə fərqlənən gimnastlar medal və diplomlarla təltif ediliblər.
Beləliklə, iki gün davam edən ölkə birincilikləri maraqlı idman mübarizəsi və yaddaqalan çıxışlarla yekunlaşıb.