Ekspert: Süni intellekt və rəqəmsal texnologiyaların inkişafı tədrisin yenilənməsini zəruri edir
Azərbaycanda incəsənət təhsilinin modernləşdirilməsi, milli mədəni irsin qorunması və gənclər üçün yeni yaradıcılıq imkanlarının yaradılması istiqamətində işlər görülür. Xüsusilə də Xankəndi, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Füzuli və digər ərazilərdə incəsənət təhsili müəssisələrinin bərpası yalnız təhsil deyil, həm də sosial inteqrasiya baxımından əhəmiyyətlidir. İncəsənət təhsili doğma yurda qayıdan uşaqlarda özünəinam və aidiyyət hissinin güclənməsinə, onların emosional rifahının və həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Bəs, Azərbaycanda incəsənət təhsilinin müasirləşdirilməsi və yeni yaradıcılıq istiqamətlərinin tədrisinə diqqətin artırılması təhsil sistemi baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var və incəsənət təhsilinin inkişafı şagirdlərin dünyagörüşünə, yaradıcılıq qabiliyyətlərinə və gələcək peşə seçimlərinə necə təsir edə bilər?

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda incəsənət təhsilinin müasirləşdirilməsi dövrün tələblərindən irəli gələn mühüm məsələlərdən biridir. Xüsusilə süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə incəsənət təhsilinin də beynəlxalq təcrübəyə və yeni çağırışlara uyğunlaşdırılması vacibdir. Bunun üçün ilk növbədə mədəniyyət və incəsənət yönümlü ali və orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilməli, müasir tədris resurslarına çıxış imkanları genişləndirilməli, təhsil proqramları yenilənməlidir.
İncəsənət sahəsində uğurlu mütəxəssis yetişdirmək üçün nəzəri biliklərlə yanaşı, istedadın, qabiliyyətin və praktiki bacarıqların da nəzərə alınması vacibdir. Belə ki, akademik göstəricilərin yüksək olması hər zaman incəsənət sahəsində peşəkar fəaliyyət üçün zəruri olan yaradıcılıq potensialının mövcudluğu demək deyil. Buna görə də musiqi, aktyorluq və digər yaradıcılıq istiqamətləri üzrə tələbə qəbulunda namizədlərin müvafiq qabiliyyətlərinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu yanaşma istedadlı gənclərin üzə çıxarılmasına və onların seçdikləri sahə üzrə daha səmərəli inkişafına şərait yarada bilər.
Səhnə bacarığı ilə yanaşı, nitq və ünsiyyət mədəniyyəti də vacibdir
Ekspert qeyd etdi ki, ali və orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifə yalnız nəzəri biliklərə malik məzunlar yetişdirmək deyil, eyni zamanda, peşəsini dərindən bilən, praktik bacarıqlara yiyələnən və müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamaqdır. Bu baxımdan tədris prosesində nəzəri və praktiki hazırlıq arasında tarazlığın qorunması, tələbələrin fərdi potensialının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəzi hallarda incəsənət nümayəndələrinin televiziya proqramlarında çıxışlarında, nitq və ünsiyyət bacarıqlarında, eləcə də təqdimat mədəniyyətində müəyyən çatışmazlıqlar müşahidə olunur. Bu isə incəsənət təhsilində yalnız ixtisas biliklərinə deyil, həmçinin nitq mədəniyyətinə, ünsiyyət bacarıqlarına və peşəkar davranış prinsiplərinə də diqqət yetirilməsinin vacibliyini göstərir.
Rəqəmsal imkanlar incəsənətin sərhədlərini genişləndirir
R. Nurəliyev vurğuladı ki, digər tərəfdən, müasir incəsənət təhsilinin qarşısında duran əsas çağırışlardan biri rəqəmsallaşma və süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyasıdır. Texnoloji inkişaf incəsənətin müxtəlif istiqamətlərində iş üsullarını dəyişir, yeni yaradıcılıq imkanları yaradır və bəzi peşələrin məzmununa təsir göstərir. Bu səbəbdən gələcək mütəxəssislər ənənəvi bilik və bacarıqlarla yanaşı, müasir texnologiyalardan istifadə etmək, rəqəmsal alətlərlə işləmək və dəyişən peşə tələblərinə uyğunlaşmaq bacarıqlarına da yiyələnməlidirlər.
Bunun üçün təhsil müəssisələrinin müvafiq texniki avadanlıqlarla, rəqəmsal resurslarla və müasir tədris imkanları ilə təmin edilməsi vacibdir. Eyni zamanda, müəllimlərin peşəkar inkişafı, tədris metodlarının yenilənməsi və beynəlxalq təcrübənin öyrənilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd gəncləri yalnız bugünkü əmək bazarına deyil, gələcəyin dəyişən tələblərinə də hazırlamaq olmalıdır.
Peşəkarlığın meyarı yalnız istedad deyil
Ekspertin sözlərinə görə, incəsənət təhsilində diqqət yetirilməli məsələlərdən biri də gənclərin mənəvi dəyərlər, etik davranış və peşə məsuliyyəti baxımından formalaşdırılmasıdır. İncəsənət xadimləri cəmiyyətin mədəni inkişafına töhfə verməklə yanaşı, davranışları və ictimai mövqeləri ilə də gənc nəslə nümunə olmalıdırlar. Çünki onlar bir çox gənc üçün örnək hesab edilirlər. Bu baxımdan peşəkarlıq yalnız yaradıcılıq qabiliyyəti və ixtisas bilikləri ilə məhdudlaşmamalı, eyni zamanda, ünsiyyət mədəniyyətini, etik prinsipləri və cəmiyyət qarşısında məsuliyyəti də əhatə etməlidir.
Azərbaycanda incəsənət təhsilinin daha da inkişaf etdirilməsi üçün kompleks yanaşmaya ehtiyac var. Maddi-texniki bazanın müasirləşdirilməsi, tədris proqramlarının yenilənməsi, tələbələrin istedad və qabiliyyətlərinin düzgün qiymətləndirilməsi, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası və praktiki hazırlığın gücləndirilməsi bu istiqamətdə əsas prioritetlər olmalıdır. Eyni zamanda, istedadlı gənclərin erkən mərhələdə müəyyənləşdirilməsi və onların potensialının inkişafı üçün əlverişli şərait yaradılması vacibdir.
İstedadlı gənclərin potensialı düzgün istiqamətləndirilməlidir
R. Nurəliyev, həmçinin sonda diqqətə çatdırdı ki, ölkəmizdə kifayət qədər istedadlı və bacarıqlı gənclər var. Əsas məsələ onların potensialını üzə çıxarmaq, düzgün istiqamətləndirmək və müasir tələblərə uyğun şəkildə yetişdirməkdir. Təhsil müəssisələri bu prosesdə daha fəal rol oynamalı, həm ənənəvi mədəni dəyərlərin qorunmasına, həm də yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadəyə şərait yaratmalıdırlar. Bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atılması Azərbaycan incəsənətinin inkişafına töhfə verən, peşəkarlığı, yaradıcılıq potensialı və müasir bilikləri ilə seçilən mütəxəssislərin hazırlanmasına gətirib çıxaran amildir.
Nigar Orucova, “İki sahil”