Ermənistan Konstitusiyasının yeni layihəsi noyabrın ortalarında təqdim ediləcək
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əsas şərt kimi bu ölkənin Konstitusiyasında dəyişiklik edilməsini və ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasını tələb edir. Rəsmi Bakı bildirir ki, sülh müqaviləsi mətninin əsas hissəsi razılaşdırılsa da, Ermənistan Konstitusiyasında Azərbaycana ictimaiyyətə qarşı ərazi iddiaları qaldığı müddətdə sülh sazişinin imzalanması mümkün deyil. Azərbaycan tərəfi bunu daxili işlərə qarışmaq yox, gələcək davamlı sülhün və hüquqi uyğunluğun təməli hesab edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qeyd edib ki, Azərbaycan birbaşa olaraq onların daxili qanunvericiliyini diktə etmir, lakin Konstitusiya dəyişdirilməyənə qədər sülh sazişini imzalamamaq mövqeyini qoruyur. Baş nazir Nikol Paşinyan isə yeni Konstitusiya layihəsi üzərində işlərin aparıldığını bildirib.
Göründüyü kimi, Ermənistan rəhbərliyi Azərbaycanın bu şərtini danışıqlar masasında birbaşa "tələb" kimi deyil, sülhün reallaşması üçün qaçılmaz bir amil kimi qəbul edir. Yeri gəlmişkən, Ədliyyə Nazirliyi tərəfindən yeni Konstitusiya layihəsi hazırlanıb və sənədin tam mətninin 2026-cı il noyabrın ortalarında ictimaiyyətə təqdim olunması gözlənilir. Bu barədə “Factor.am” nəşrinə müsahibəsində Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib. “Bu, layihə olacaq. Yəni, biz cəmiyyətin mühakiməsinə yekun nəticəni təqdim etmirik, müzakirələr üçün platforma açaraq layihəni təqdim edirik. Layihəni cəmiyyətin bütün təbəqələri ilə kifayət qədər geniş və uzun müddət müzakirə etməyi planlaşdırırıq”, - deyə o, bildirib. Parlamentdəki iki müxalifət qüvvəsinin yeni Konstitusiyanın qəbul edilməsinə qarşı çıxmasına münasibət bildirən Qalyan hələ mahiyyəti məlum olmayan bir sənədə qarşı çıxmağı məntiqsiz hesab edib.
“Burada heç kim İlham Əliyevin tələbi ilə heç nə etmir. Bəlkə onlar özlərinə dəyişikliklərin nədən ibarət olduğunu və bunun nə üçün edildiyini görmək imkanı versinlər, sonra bəyanatlarla çıxış etsinlər”, - deyə erməni nazir qeyd edib. Qalyan bildirib ki, növbədənkənar seçkilərə getmək mümkün variantlardan biridir, lakin bu barədə qəti qərar qəbul edilməyib və sənəd dərc olunmadan, müzakirələr keçirilmədən, cəmiyyət onun məzmununu qiymətləndirmədən belə bir qərarın verilməsi mümkün deyil.
“Bir məqamı məmnuniyyətlə qeyd etmək istəyirəm. İlk dəfədir ki, müxalifət şuranın tərkibinə namizəd irəli sürüb. Ümid edirəm ki, “Güclü Ermənistan” nümayəndəsi gələcək və Konstitusiya islahatları şurasının işində iştirak edəcək”, - deyə Qalyan bildirib.
Bakı hesab edir ki, hazırkı Ermənistan hökuməti sülhə sadiq olduğunu desə də, gələcəkdə hakimiyyətə gələ biləcək revanşist qüvvələr mövcud Konstitusiyaya əsaslanaraq yenidən Azərbaycana qarşı rəsmi ərazi iddiaları qaldıra bilərlər. Bu səbəbdən sülhün qalıcı olması üçün konstitusiya dəyişikliyi mütləq şərtdir. Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyi referendum yolu ilə qəbul edilməlidir və bunun üçün parlamentdə 2/3 səs çoxluğu lazımdır. Lakin Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə təkbaşına bu çoxluğa malik deyil. Paşinyan bəyan edib ki, əgər müxalifət bu islahata mane olarsa, hakimiyyət konstitusion çoxluğu təmin etmək naminə erkən parlament seçkilərinə gedə bilər. Ermənistan daxilində isə yeni konstitusiya mövzusu kəskin qütbləşməyə səbəb olub. Parlamentdəki müxalif bloklar (Robert Koçaryanın rəhbərlik etdiyi qüvvələr və s.) yeni layihəni boykot edəcəklərini bildiriblər. Onlar Paşinyan hökumətini "Bakının təzyiqlərinə boyun əyməkdə" və birtərəfli güzəştlərə getməkdə ittiham edirlər. Erməni cəmiyyətində sülhün əldə olunması istəyi mövcud olsa da, müxalifətin və diasporun təbliğatı fonunda "hər bir güzəştin yeni bir tələb doğuracağı" xofu var. İctimai rəydə konstitusiya dəyişikliyi müstəqil iradənin deyil, xarici təzyiqin nəticəsi kimi qəbul edildikdə Paşinyanın cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərir.
Nəticə olaraq onu deyə bilərik ki, Azərbaycan tərəfi Ermənistanın daxili siyasi çəkişmələrindən asılı olmayaraq öz prinsipial mövqeyini qoruyur. Ermənistan konstitusion səviyyədə ərazi iddialarından imtina etməyənə qədər regionda tamhüquqlu və qalıcı sülh müqaviləsinin imzalanması mümkün deyil.
Sevinc Azadi, “İki sahil”
Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
Böyük Qayıdış: İqtisadi gücün təsdiqi, müstəqil strategiyanın bariz göstəricisi