30 oktyabr 2026 10:45
163

Etibarlı maliyyə hesabatının təməlində keyfiyyətli audit dayanır - MÜSAHİBƏ

Auditor fəaliyyətinə nəzarətin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və peşəkar müstəqilliyin qorunması əsas prioritetlərdəndir

Azərbaycanda auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi və beynəlxalq peşə standartlarının tələblərinin nəzərə alınması bu sahədə keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, auditorların peşəkar səriştəsinin artırılması, müstəqillik və etik prinsiplərə əməl olunması, ictimai etimadın möhkəmləndirilməsi audit xidmətlərinin qarşısında duran əsas vəzifələr sırasında yer alır.

Mövzu ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının Haqsız rəqabətə qarşı mübarizə, keyfiyyətə kənar nəzarət və beynəlxalq əlaqələr idarəsinin rəisi Rövşən Cəfərli ilə həmsöhbət olduq.

-Auditorlar Palatası auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətinə keyfiyyətə nəzarəti hansı meyarlar əsasında həyata keçirir və audit xidmətlərinin peşə standartlarına uyğunluğunun təmin edilməsi üçün hansı mexanizmlərdən istifadə olunur?

-Azərbaycan Respublikası Auditorlar Palatası auditor xidmətinin keyfiyyətinə kənar nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, Beynəlxalq Müstəqillik Standartlarının, keyfiyyətin idarə edilməsi üzrə müvafiq beynəlxalq standartların və Auditorlar Palatası Şurasının qərarlarının tələblərinə uyğun həyata keçirir.

Keyfiyyətə kənar nəzarətin əsas məqsədi auditor xidmətlərinin keyfiyyətini yüksəltmək, auditorların peşə standartlarına riayət etməsini qiymətləndirmək və audit fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılmasına nail olmaqdır.

Auditorlar Palatasının Şurasının 2026-cı il 05 fevral tarixli 385/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”a əsasən, keyfiyyətə kənar nəzarət planlı və plandankənar formada həyata keçirilir. Planlı nəzarət Şuranın təsdiq etdiyi illik plan-qrafik əsasında, risk əsaslı yanaşma tətbiq edilməklə təşkil olunur. Nəzarət tədbirlərinin planlaşdırılmasında əvvəlki yoxlamaların nəticələri, peşə standartlarının tələblərinə riayət olunması ilə bağlı məlumatlar, müştərilərdən və səlahiyyətli dövlət orqanlarından daxil olmuş şikayətlər, ixtisaslı əməkdaşların sayı, habelə minimum xidmət haqqından aşağı məbləğdə bağlanmış müqavilələr kimi amillər nəzərə alınır.

Qaydalara görə, planlı keyfiyyətə nəzarət auditorların fəaliyyətinin risk səviyyəsindən asılı olaraq, ən azı üç ildə bir dəfə həyata keçirilir. Risk amilləri mövcud olduqda nəzarətin daha erkən keçirilməsi də mümkündür. Qaydalarda nəzərdə tutulan hallarda plandankənar nəzarət də təşkil edilir. Həmçinin şikayət daxil olduqda hər bir şikayət üzrə operativ olaraq plandankənar monitorinq təyin edilir.

Nəzarət zamanı auditorun daxili keyfiyyətə nəzarət sistemi, audit tapşırıqlarının planlaşdırılması və icrası, işçi sənədlərinin düzgün tərtibi, audit sübutlarının yetərliliyi, maliyyə hesabatlarına dair auditor rəyinin əsaslılığı, auditorun müstəqilliyi və peşə etikası tələblərinə riayət etməsi qiymətləndirilir. Bunun üçün həm auditorun daxili prosedurları, həm də seçilmiş audit tapşırıqları üzrə sənədlər araşdırılır. Adətən üç-beş audit tapşırığına dair sənədlər seçilir, zərurət yarandıqda isə onların sayı artırılır.

Keyfiyyətə nəzarətin nəticələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir və A, B, C və D olmaqla dörd kateqoriya üzrə təsnif edilir. Bu yanaşma auditor xidmətinin keyfiyyət səviyyəsini müəyyənləşdirməyə, aşkar edilmiş çatışmazlıqların əhəmiyyətini qiymətləndirməyə və onların aradan qaldırılması üçün müvafiq tədbirləri müəyyən etməyə imkan verir.

-Müəssisə və təşkilatların auditor seçimi zamanı peşəkar səriştə, müstəqillik və təcrübə kimi meyarları nəzərə alması vacibdir. Auditorlar Palatası düzgün auditor seçimi ilə bağlı hansı tövsiyələri verir və bu sahədə məlumatlandırmanı necə təmin edir?

-Auditor seçimi müəssisə və təşkilatların maliyyə hesabatlarının etibarlılığının qiymətləndirilməsi və audit xidmətinin keyfiyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu zaman auditorun müvafiq peşə fəaliyyətini həyata keçirmək hüququna malik olması, peşəkar hazırlığı, təcrübəsi, müstəqilliyi və konkret audit tapşırığını lazımi səviyyədə yerinə yetirmək imkanları nəzərə alınmalıdır.

Keyfiyyətə kənar nəzarət üzrə Qaydalarda auditorların daxili keyfiyyətə nəzarət sisteminə dair tələblər müəyyən edilir. Həmin tələblərə əsasən, auditor təşkilatları və sərbəst auditorlar müştərilərlə işgüzar münasibətlərin və konkret audit tapşırıqlarının qəbulunu qiymətləndirməli, müstəqillik tələblərinə riayət olunmasını təmin etməli, işlərin icrası üçün zəruri peşəkar səriştəyə malik əməkdaşları cəlb etməli, onların ixtisasartırmasını və fəaliyyətinə nəzarəti təşkil etməlidirlər.

Bu baxımdan müəssisə və təşkilatlara auditor seçərkən auditorun müvafiq icazəsinin mövcudluğunu, peşəkar təcrübəsini, nəzərdə tutulan auditin xüsusiyyətlərinə uyğun ixtisasını, müstəqilliyini və maraqlar toqquşmasının olub-olmamasını nəzərə almaq tövsiyə olunur. Eyni zamanda, auditorun xidmət haqqının məbləği ilə yanaşı, xidmətin əhatə dairəsi və keyfiyyət təminatına yanaşması da qiymətləndirilməlidir.

Qaydalara əsasən, Auditorlar Palatasının vəzifələrindən biri auditorlara keyfiyyətə nəzarət mexanizmlərinin mahiyyətini izah etmək, daxili keyfiyyətə nəzarət sistemlərinin yaradılması və təkmilləşdirilməsi üzrə tövsiyələr vermək, eləcə də yerli və beynəlxalq auditor təşkilatlarının qabaqcıl təcrübələri barədə məlumatlandırmanı təmin etməkdir.

Vətəndaşlar seçim edərkən auditorun keyfiyyət nəticələri ilə tanış olmaq üçün Auditorlar Palatasının rəsmi internet səhifəsində “Keyfiyyətə kənar nəzarət” bölməsinə daxil olaraq yoxlanılmış auditor təşkilatları və sərbəst auditorların son keyfiyyət nəticələri ilə sərbəst şəkildə tanış ola bilərlər.

-Auditorun müstəqilliyi və obyektivliyi maliyyə hesabatlarının etibarlılığına birbaşa təsir göstərir. Auditorlar Palatası bu prinsiplərin qorunması və maraqlar toqquşmasının qarşısının alınması istiqamətində hansı tədbirləri həyata keçirir?

-Auditorun müstəqilliyi və obyektivliyi audit fəaliyyətinin əsas peşə prinsiplərindəndir. Auditorun gəldiyi nəticə və verdiyi rəy audit sübutlarına, peşəkar mühakiməyə və müvafiq standartların tələblərinə əsaslanmalıdır. Buna görə də auditorun müstəqilliyinə və obyektivliyinə təsir göstərə biləcək halların müəyyən edilməsi və qarşısının alınması keyfiyyətə nəzarətin mühüm istiqamətlərindəndir.

Keyfiyyətə kənar nəzarət üzrə Qaydalara əsasən, keyfiyyətə kənar nəzarət zamanı auditorun müstəqillik və etika tələblərinə riayət etməsi, müştəri ilə işgüzar münasibətlərin qəbulunun qiymətləndirilməsi, audit tapşırığının icrası zamanı müvafiq peşə prosedurlarının tətbiqi və auditor rəyinin əsaslılığı yoxlanılır. Qaydalarda keyfiyyətə nəzarəti həyata keçirən şəxslərin özlərinin də müstəqilliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Belə ki, nəzarət qrupunun üzvləri ilə yoxlanılan auditor və ya auditor təşkilatının rəhbərliyi arasında maraqlar toqquşmasına yol verilməməlidir. Müəyyən edilmiş hallarda, o cümlədən əvvəlki üç il ərzində yoxlanılan auditorun yanında işləmiş və ya ona xidmət göstərmiş şəxslər nəzarət prosesindən kənarlaşdırılır.

Müstəqillik və obyektivlik tələblərinin pozulması ilə bağlı hallar müəyyən edildikdə onlar keyfiyyətə nəzarət çərçivəsində qiymətləndirilir və Qaydalarda nəzərdə tutulan prosedurlara uyğun tədbirlər görülür. Bu yanaşma həm audit rəylərinin əsaslılığının, həm də auditor peşəsinə ictimai etimadın qorunmasına xidmət edir.

-Müasir iqtisadi şəraitdə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və auditor peşəsinə ictimai etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Auditorlar Palatasının bu istiqamətdə əsas prioritetləri və qarşıya qoyduğu hədəflər hansılardır?

-Keyfiyyətə kənar nəzarət üzrə Qaydalarda müəyyən edilmiş məqsəd və vəzifələr auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, peşə standartlarının tələblərinə riayət olunmasına və auditorların daxili keyfiyyətə nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəldilmişdir.

Bu çərçivədə əsas istiqamətlərdən biri risk əsaslı nəzarət mexanizminin tətbiqidir. Nəzarət tədbirlərinin planlaşdırılması zamanı əvvəlki yoxlamaların nəticələri, standartların tələblərinə riayət olunması ilə bağlı məlumatlar, daxil olmuş şikayətlər, ixtisaslı kadr təminatı və digər risk amilləri nəzərə alınır. Bu, nəzarət resurslarının daha çox diqqət tələb edən sahələrə yönəldilməsinə imkan verir.

Digər mühüm istiqamət auditor təşkilatlarında və sərbəst auditorlarda daxili keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir. Auditorların daxili prosedurlarının, audit sənədləşməsinin, risklərin qiymətləndirilməsi yanaşmalarının, işçilərin peşəkar hazırlığının və müstəqillik tələblərinə riayət olunmasının təkmilləşdirilməsi xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Eyni zamanda, keyfiyyətə nəzarətin nəticələrinin təhlili, aşkar edilmiş nöqsanların ümumiləşdirilməsi, auditorlara tövsiyələrin verilməsi və qabaqcıl yerli və beynəlxalq təcrübənin öyrənilməsi də Qaydalarda nəzərdə tutulan vəzifələrdəndir. Nəzarət nəticələri üzrə illik hesabatın hazırlanması və audit edilən müəssisələrin adları açıqlanmadan ümumiləşdirilmiş məlumatların dərc edilməsi də bu sahədə şəffaflığın təmin olunmasına xidmət edir.

Prioritetlər sırasına auditorların peşəkar inkişafının dəstəklənməsi, peşə etikası və müstəqillik tələblərinə riayət olunmasının gücləndirilməsi, müəyyən edilmiş çatışmazlıqların vaxtında aradan qaldırılması və keyfiyyətə nəzarətin nəticələrinin növbəti fəaliyyətə təsirinin qiymətləndirilməsi daxildir.

Nəticə etibarilə, Keyfiyyətə kənar nəzarət üzrə Qaydalarda nəzərdə tutulan mexanizmlər auditor xidmətlərinin qanunvericiliyə və beynəlxalq peşə standartlarına uyğunluğunun təmin edilməsinə, xidmətlərin keyfiyyətinin davamlı yüksəldilməsinə və auditor peşəsinə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”