Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının əlçatanlığının artırılması məqsədilə bir sıra yeni xətlərin bərpası və inşası nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Abşeron dairəvi dəmir yolu şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçiriləcək. Bu çərçivədə Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdək stansiyalarının yenidən yaradılması planlaşdırılır.
B.Hacıyevin sözlərinə görə, hazırda Abşeron dairəvi dəmir yolu üzrə 15 stansiya mövcuddur. Bakıətrafı ərazilərdə nəzərdə tutulan xətlərin bərpasından sonra stansiyaların sayının 40-ı ötəcəyi proqnozlaşdırılır.