21 oktyabr 2026 20:00
363

Auditorlar Palatasında “Audit və məhkəmə ekspertizası: auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunda ustad dərsi keçirilib

Tədbirdə auditorların məhkəmə ekspertizasında iştirakı, peşəkar hüquq və vəzifələri, məsuliyyət məsələləri, milli qanunvericiliyin və beynəlxalq standartların tələbləri geniş müzakirə olunub

Azərbaycan Respublikasının Auditorlar Palatasında “Audit və məhkəmə ekspertizası: auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunda onlayn ustad dərsi keçirilib.

Ustad dərsi Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü – “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasının təmin edilməsi məqsədilə təşkil olunub. Tədbir Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, oktyabrın 21-də baş tutub.

Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, “AUDİT EXPERT TV” MMC-nin direktor-auditoru Vidadi Talıbov isə məruzəçi qismində çıxış edib.

Tədbiri giriş sözü ilə açan Qəşəm Bayramov mövzunun aktuallığına diqqət çəkərək audit fəaliyyəti ilə məhkəmə ekspertizası arasındakı qarşılıqlı əlaqənin, habelə auditorun bu prosesdə hüquq və vəzifələrinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, auditor məhkəmə ekspertizası çərçivəsində fəaliyyət göstərərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunların tələblərinə riayət etməlidir. Eyni zamanda Auditorlar Palatası Şurasının təsdiq etdiyi normativ və metodiki sənədlərin, Beynəlxalq Audit və Əlaqəli Xidmətlər Standartlarının, habelə Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin tələblərinə əməl olunmasının vacibliyi qeyd edilib.

Audit və məhkəmə ekspertizasının fərqli məqsədləri

Ustad dərsində maliyyə auditi ilə məhkəmə ekspertizası arasındakı əsas fərqlər də izah olunub.

Qeyd edilib ki, maliyyə auditi təsərrüfat subyektinin maliyyə hesabatlarının düzgünlüyü və tətbiq olunan standartlara uyğunluğu barədə müstəqil rəyin formalaşdırılmasına yönəlib. Məhkəmə ekspertizası isə məhkəmənin qərardadı və ya istintaq orqanının qərarı əsasında xüsusi maliyyə-iqtisadi bilik tələb edən mübahisəli məsələlərin araşdırılmasını, o cümlədən dəymiş zərərin, borcun və aktivlərin dəyərinin müəyyənləşdirilməsini əhatə edir.

Məhkəmə ekspertizasında auditorun əsas vəzifəsinin hüquqi qiymət vermək deyil, maliyyə və iqtisadi sahədə xüsusi biliklərindən istifadə etməklə faktları obyektiv araşdırmaq və nəticələri elmi-praktiki baxımdan əsaslandırılmış şəkildə təqdim etmək olduğu diqqətə çatdırılıb.

Auditorun məhkəmə ekspertizasındakı rolu və hüquqları

Tədbirdə bildirilib ki, auditor məhkəmə və ya istintaq orqanının tapşırığı, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlər əsasında ekspert və ya mütəxəssis qismində prosesə cəlb oluna bilər.

Belə hallarda auditor mühasibat registrlərini, ilkin uçot sənədlərini, müqavilələri, bank sənədlərini, hesab-fakturaları və digər maliyyə materiallarını araşdırır, maliyyə əməliyyatlarını təhlil edir, borc, faiz, gəlir, xərc, çatışmazlıq və artıq ödəniş kimi göstəricilər üzrə hesablamalar aparır, zərərin və maliyyə itkisinin məbləğini müəyyənləşdirir, mühasibat uçotunda mövcud uyğunsuzluqları və pozuntuları aşkar edir.

Auditor yalnız xüsusi maliyyə-iqtisadi bilikləri çərçivəsində nəticə çıxarır və apardığı araşdırmanın nəticələrini əsaslandırılmış ekspert rəyində əks etdirir. Zərurət yarandıqda məhkəmə iclasında iştirak edərək verdiyi rəyə dair izahat verir və sualları cavablandırır.

Ustad dərsində auditorun ekspert qismində əsas hüquqları da diqqətə çatdırılıb. Bu hüquqlara ekspertizanın predmetinə aid iş materialları ilə tanış olmaq, zəruri sənədlərin və əlavə materialların təqdim edilməsini tələb etmək, təqdim olunmuş sübutları və maliyyə sənədlərini araşdırmaq, qarşıya qoyulmuş sualların aydınlaşdırılmasını istəmək, qanunvericiliyə uyğun metod və üsullardan sərbəst istifadə etmək, zəruri hallarda əlavə araşdırmalar aparmaq və rəy verməyə imkan verməyən hallar olduqda bundan imtina etmək daxildir.

Müstəqillik, obyektivlik və məsuliyyət əsas prinsiplərdir

Tədbirdə auditorun məhkəmə ekspertizasında fəaliyyətinin əsas prinsipləri sırasında müstəqillik, obyektivlik, peşəkar səriştə, məxfilik və səlahiyyət həddinin qorunması xüsusi vurğulanıb.

Qeyd olunub ki, auditor tərəflərin təsirindən asılı olmadan, yalnız obyektiv sübutlara əsaslanaraq rəy hazırlamalıdır. Ekspert öz səlahiyyətlərini aşmamalı, yalnız ona təqdim edilmiş suallar və xüsusi bilikləri çərçivəsində araşdırma aparmalıdır. Auditorun hüquqi şəxsin təqsirli və ya təqsirsiz olması, cinayət tərkibinin mövcudluğu və ya məhkəmə qərarının qanuniliyi barədə hüquqi qiymət verməsi yolverilməzdir.

Bununla yanaşı, ekspertizanın aparılması zamanı əldə edilən kommersiya, xidməti və fərdi məlumatların məxfiliyinin qorunmasının auditorun mühüm vəzifələrindən biri olduğu bildirilib.

Auditorun məsuliyyətinə də xüsusi diqqət yetirilib. Bilə-bilə yalan rəy verilməsi, faktların təhrif edilməsi və ya prosessual orqanın qəsdən yanıldılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər. Peşə etikası qaydalarının pozulması, maraqlar toqquşmasının gizlədilməsi və digər pozuntular isə intizam məsuliyyəti yarada bilər. Eyni zamanda səhlənkarlıq, qeyri-peşəkarlıq və ya məxfiliyin pozulması nəticəsində vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyət məsələsi də gündəmə gələ bilər.

Milli qanunvericilik və beynəlxalq standartların tələbləri izah olunub

Ustad dərsi çərçivəsində auditorun ekspert və ya mütəxəssis qismində fəaliyyət göstərdiyi zaman əsas götürməli olduğu normativ hüquqi aktlar və beynəlxalq standartlar barədə də ətraflı məlumat verilib.

Mülki Prosessual Məcəllə üzrə məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi, ekspertin hüquq və vəzifələri, ekspert rəyinin hazırlanması və müddətlərə dair məsələlər diqqətə çatdırılıb. Cinayət-Prosessual Məcəllənin tələbləri çərçivəsində isə istintaq və məhkəmə icraatında ekspert və ya mütəxəssisin cəlb edilməsi, tədqiqatın aparılması və prosessual qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun ekspertizanın aparılması prinsipləri, ekspertin müstəqilliyi və ekspert rəyinin tərtibinə dair tələbləri, “Auditor xidməti haqqında” Qanunun isə auditor fəaliyyətinin tənzimlənməsi, müstəqillik, peşə sirrinin qorunması və məsuliyyətlə bağlı müddəaları diqqətə çatdırılıb.

Bundan başqa, maliyyə cinayətləri, dələduzluq və şübhəli əməliyyatlarla bağlı araşdırmalarda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinin nəzərə alınmasının vacibliyi qeyd edilib.

Beynəlxalq Audit və Əlaqəli Xidmətlər Standartlarından BAS 800, BAS 805, BƏXS 4400 və BAS 240-ın müvafiq tapşırıqlar çərçivəsində əhəmiyyəti də izah olunub.

Bildirilib ki, BƏXS 4400 üzrə razılaşdırılmış prosedurlar auditorun subyektiv fikir formalaşdırmadan, əvvəlcədən razılaşdırılmış prosedurları həyata keçirərək faktiki tapıntılar üzrə hesabat təqdim etməsini nəzərdə tutur. BAS 240 isə maliyyə hesabatlarının auditində dələduzluqla bağlı auditorun məsuliyyətini müəyyən edir və maliyyə araşdırmalarında qəsdən təhrif, mənimsəmə və fırıldaqçılıq risklərinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin tələbləri çərçivəsində isə dürüstlük, obyektivlik, peşəkar səriştə və lazımi diqqət, məxfilik, habelə maraqlar toqquşmasının qarşısının alınması kimi fundamental prinsiplər ön plana çəkilib.

Praktiki nümunələr əsasında auditorun fəaliyyəti təqdim olunub

Daha sonra Qəşəm Bayramov sözü məruzəçi Vidadi Talıbova verib.

Vidadi Talıbov çıxışında “Audit və məhkəmə ekspertizası: auditorun rolu, hüququ, vəzifələri və məsuliyyəti” mövzusunu praktiki aspektdən izah edib, auditorun məhkəmə ekspertizasında fəaliyyət istiqamətləri və qarşılaşa biləcəyi məsələlər barədə nümunələr təqdim edib.

Məruzəçi qeyd edib ki, məhkəmə ekspertizasında auditorun əsas funksiyası maliyyə, mühasibat uçotu, vergi və iqtisadi məsələlər üzrə xüsusi biliklərindən istifadə etməklə məhkəməyə obyektiv və əsaslandırılmış nəticə təqdim etməkdir.

Bu çərçivədə maliyyə sənədlərinin araşdırılması, maliyyə əməliyyatlarının yoxlanılması, zərərin məbləğinin müəyyənləşdirilməsi, mühasibat uçotunda pozuntuların aşkar edilməsi, müxtəlif maliyyə göstəriciləri üzrə hesablamaların aparılması və ekspert rəyinin hazırlanması əsas fəaliyyət istiqamətləri kimi təqdim olunub.

Xüsusilə vurğulanıb ki, auditor məhkəmənin yerinə qərar vermir. Onun vəzifəsi hüquqi şəxsin və ya şəxsin təqsirli və yaxud təqsirsiz olduğunu müəyyənləşdirmək deyil. Auditor yalnız xüsusi bilik tələb edən maliyyə-iqtisadi faktları araşdırır və həmin faktlar əsasında peşəkar, obyektiv və əsaslandırılmış nəticə təqdim edir.

Beynəlxalq təcrübəyə nəzər salınıb

Ustad dərsində məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübəyə də nəzər salınıb.

Qeyd olunub ki, ABŞ, Rusiya və Avropa İttifaqı ölkələrində məhkəmə ekspertizasında maliyyə və mühasibat sahəsində fəaliyyət göstərən auditorlar, eləcə də “forensic accountant” – məhkəmə-maliyyə ekspertləri geniş şəkildə iştirak edirlər. Bununla yanaşı, həmin ölkələrdə auditor və məhkəmə ekspertinin hüquqi statusunun hər zaman eyni olmadığı xüsusi olaraq qeyd edilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb. Ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Auditorlar Palatasının 100 nəfər üzvü və əməkdaşı iştirak edib.