30 oktyabr 2026 12:41
178

YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir.

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunda yerləşən ərazi partiya təşkilatında keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə iştirakçılara Qarabağ Regional Təhsil İdarəsinin hazırladığı video-çarxda ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevin nitqindən fraqmentlər təqdim edilib.

Müşavirədə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək dövlət suverenliyimizin bərpasından sonra  keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb. Bu parlaq nitqin bütün müddəalarının  gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müşavirədə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ölkə  Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin dahi dühasının və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından çox böyük əhəmiyyəti var. Bugün Qarabağda və Şərqi Zəngəzurda gedən böyük tikinti,  quruculuq işlərində təhsil infrastrukturunun öndə olması bu sahənin daim dövlət səviyyəsində diqqət mərkəzində saxlanıldığının bariz gostəricidir.

Həmçinin müşavirədə çıxış edən partiya fəalları,  məktəb bağça rəhbərləri Teymur Mustafayev, Gülnarə Əliyeva, Həsrət Hümmətov və  İlhamə Həsənova Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs ediblər.

Sonda VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqindən irəli gələn  məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində  partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.