03 noyabr 2026 11:19
147

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

Spikerin təklifi deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova çıxışında vurğulayıb ki, 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub:

"Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, Böyük Qayıdış proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir. Böyük Qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb. Dövlət başçısının ardıcıl səyləri regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib".

Xatırladaq ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə münasibətilə noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.