Tarix bəzən xalqların yaddaşına ağır itkilərlə, bəzən də əsrlər boyu unudulmayan qələbələrlə yazılır. Azərbaycan xalqının müasir tarixində isə elə bir səhifə var ki, orada ayrılıq ağrısı ilə qayıdış sevinci, şəhidlərin qanı ilə yoğrulmuş mübarizə ilə milli iradənin təntənəsi birləşir. 8 Noyabr – Zəfər Günü məhz belə bir tarixi səhifədir. Bu gün otuz ilə yaxın davam edən torpaq həsrətinin sona çatdığı, Azərbaycanın öz gücünə, ordusuna və haqqına söykənərək tarix qarşısında yarımçıq qalmış ədaləti bərpa etdiyi gündür.
İşğalın gətirdiyi ağrı, qəlblərdə yaşayan qayıdış ümidi
1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları və hərbi təcavüzü xalqımızı ağır sınaqlarla üz-üzə qoydu. Torpaqlarımız işğal edildi, şəhər və kəndlərimiz dağıdıldı, minlərlə soydaşımız həyatını itirdi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Birinci Qarabağ müharibəsinin ağrısı təkcə itirilmiş ərazilərlə ölçülmürdü. Bu, evindən, xatirələrindən, ata-baba ocağından ayrı düşmüş insanların taleyində yaşayan böyük bir faciə idi.
Lakin işğal Azərbaycanın torpaq üzərindəki hüququnu da, xalqın qayıdış inamını da əlindən ala bilmədi. Həmin illərdə Vətən torpağının azadlığı uğrunda mübarizə aparan igidlərin qəhrəmanlığı, şəhidlərin qanı ilə yazılan müqavimət tarixi gələcək Zəfərin mənəvi təməlinə çevrildi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğunun sistemli şəkildə aparılması gələcək qələbənin əsas şərtlərini formalaşdırdı. Azərbaycan artıq təkcə müharibənin ağır nəticələrini aradan qaldırmağa deyil, həm də öz torpaqlarını azad etməyə qadir güclü dövlət qurmağa doğru irəliləyirdi.

Zəfərə aparan yolun ilk mühüm sınaqları
2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun artan hərbi qüdrətini nümayiş etdirdi. Aprel döyüşləri zamanı düşmənin müdafiə xətti yarıldı, strateji əhəmiyyətli mövqelər, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi. Bu hadisə cəbhə xəttində yeni reallığın mümkünlüyünü göstərməklə yanaşı, uzun illər qələbə gözləyən xalqın qəlbində böyük ümid yaratdı.
2018-ci ilin mayında Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı isə hərbi tariximizin mühüm səhifələrindən birinə çevrildi. Əməliyyat nəticəsində Günnüt kəndi, ətraf strateji yüksəkliklər və ümumilikdə 11 min hektaradək ərazi nəzarətə götürüldü. Bu uğur Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi peşəkarlığının və mürəkkəb şəraitdə əməliyyat aparmaq bacarığının göstəricisi idi. Naxçıvan səmasında və dağlarında qazanılan bu uğur bir daha sübut etdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan hərbi vəzifələri yerinə yetirmək gücündədir.
2020-ci ilin iyulunda Tovuz istiqamətində Ermənistanın hərbi təxribatlarına Azərbaycan Ordusunun verdiyi qətiyyətli cavab da xalqın yaddaşında xüsusi yer tutdu. Həmin döyüşlər zamanı general-mayor Polad Həşimovun və digər hərbçilərimizin şəhid olması ölkə boyu böyük kədər və qəzəb doğurdu. Bununla yanaşı, xalqın orduya dəstəyi daha aydın şəkildə üzə çıxdı. İyul hadisələri Azərbaycanın hərbi-siyasi iradəsinin, milli birliyinin və Vətən uğrunda mübarizə əzminin növbəti təzahürü oldu.
44 gün – bir xalqın taleyini dəyişən tarix
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın onilliklər boyu gözlədiyi azadlıq mübarizəsi yeni və həlledici mərhələyə qədəm qoydu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir hərbi strategiya və misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Ön cəbhədə əsgər və zabitlərimiz vuruşarkən arxa cəbhədə bütün xalq bir amal ətrafında birləşmişdi. Bu müharibədə hər kəsin ürəyi cəbhədə döyünür, hər ailə qələbə xəbərini gözləyirdi.
Döyüş meydanında bir-birinin ardınca tarixi uğurlar qazanıldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunmasından sonra müharibənin taleyini müəyyənləşdirən ən mühüm mərhələlərdən biri – Şuşa uğrunda döyüşlər başladı.
Şuşa... Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı, xalqımızın mənəvi yaddaşında xüsusi yeri olan şəhər. Onun azad edilməsi yalnız hərbi-strateji baxımdan deyil, milli ruhun və tarixi ədalətin bərpası baxımından da müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan əsgəri sıldırım qayaları, keçilməz yolları aşaraq, əsasən yüngül silahlarla, piyada hücumla şəhərə daxil oldu. Şuşanın azadlığı uğrunda göstərilən bu qəhrəmanlıq hərb tariximizin şərəfli səhifəsinə çevrildi.
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu xəbər illərlə doğma şəhərinin həsrəti ilə yaşayan insanların qəlbində sözlə ifadə olunması çətin olan sevinc yaratdı. Otuz ilə yaxın müddətdə Qarabağdan ayrı düşən xalq həmin gün öz tarixi torpağına mənəvi baxımdan yenidən qovuşdu. Şuşanın azadlığı ilə 44 günlük müharibənin taleyi həll olundu və Zəfərin müjdəçisi olan o tarixi gün Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr doğurdu.
Zəfərdən suverenliyə – tarixi yolun tamamlanması
Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə dayanırdı: bütün ərazilərində dövlət suverenliyini tam bərpa etmək. Müharibədən sonra Qarabağın bir hissəsində qanunsuz silahlı birləşmələrin mövcudluğu və separatçı fəaliyyətlər davam edirdi.
2022-ci ilin avqustunda həyata keçirilən Qisas əməliyyatı nəticəsində bir sıra strateji yüksəkliklər nəzarətə götürüldü. Bu, Azərbaycanın öz ərazilərində təhlükəsizliyi təmin etmək və hərbi mövqelərini möhkəmləndirmək istiqamətində atdığı mühüm addımlardan biri idi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, separatçı rejim süqut etdi və Azərbaycan Respublikasının suverenliyi bütün ərazisində bərpa olundu.
Beləliklə, 44 günlük Vətən müharibəsi ilə başlanan tarixi proses 2023-cü ilin sentyabrında öz siyasi və hərbi məntiqi tamamlanmasına çatdı. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edildi. Bu, yalnız hərbi uğur deyil, uzun illər davam edən mübarizənin, dövlətçilik iradəsinin və xalqın dəyişməz Vətən sevgisinin nəticəsi idi.
Zəfər – yaddaşımızda yaşayan məsuliyyət
8 Noyabrı yalnız qələbə sevinci ilə xatırlamaq bu günün mahiyyətini tam ifadə etməz. Bu tarix həm də torpaq uğrunda həyatını qurban verən şəhidlərimizin, sağlamlığını Vətən yolunda itirən qazilərimizin, müharibənin bütün ağrılarını yaşayan ailələrin və arxa cəbhədə böyük fədakarlıq göstərən insanların tarixidir.
Bu Zəfərin hər səhifəsində bir şəhidin adı, bir ananın göz yaşı, bir atanın qüruru, bir qazinin sağalmaz xatirəsi var. Azad edilmiş torpaqlara qayıdan hər bir insanın addımında illərin həsrəti, dağıdılmış yurd yerlərində yenidən ucalan evlərin təməlində isə şəhidlərimizin bizə əmanət etdiyi Vətən sevgisi yaşayır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, doğma yurdlarına qayıdan insanların məskunlaşması Zəfərin yeni mərhələsini – quruculuq və dirçəliş dövrünü təşkil edir. Bir vaxtlar məcburi köçkünlərin həsrət dolu baxışları ilə yadda qalan torpaqlarda indi həyat yenidən canlanır.
8 Noyabr – Azərbaycan xalqının tarix qarşısında öz sözünü dediyi, milli iradəsini təsdiqlədiyi gündür. Bu tarix gələcək nəsillərə yalnız qazanılmış qələbəni deyil, Vətəni qorumağın, dövlətə sahib çıxmağın və milli birliyi yaşatmağın məsuliyyətini də ötürür.
Qarabağ Azərbaycandır! Bu həqiqət artıq yalnız bir bəyanat deyil, qanla, qəhrəmanlıqla və tarixi Zəfərlə təsdiqlənmiş dövlət iradəsidir.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi