03 noyabr 2026 20:41
83

Ağdam Sənaye Parkının ixrac coğrafiyası genişlənir

Müəssisə ildə 510 min cüt ayaqqabı  istehsal edəcək

Bu gün Ağdam  nəinki yenidən qurulur, həm də ölkənin sənaye şəhərinə çevrilmək imkanlarını artırır. İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının 2,5 hektarlıq ərazisində yerləşən «BAFCO İnvest» iqtisadiyyatın müxtəlif sahələrində istifadəyə uyğun, xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabılarının, o cümlədən poliuretan çəkmələrin istehsalını davam etdirir. Fabrik məhsullarını ölkə daxilində satmaqla yanaşı, xarici bazarlara da ixrac edir. Şirkət Avropa, Kanada və digər ölkələrin bazarlarına çıxış istiqamətində əməkdaşlıqlarını genişləndirir.

Fabrikdə Almaniya istehsalı «DESMA» avadanlıqlarından istifadə olunur. Altlığı inyeksiya üsulu ilə birləşdirilən ayaqqabılar ən yüksək təhlükəsizlik və etibarlılıq tələblərinə cavab verən, çətin şəraitdə çalışan və ayaqlarının güvənli qorunmasını tələb edən işçilər üçün nəzərdə tutulub. Ayaqqabı altlıqları üçün istifadə olunan poliuretan Almaniyanın  «BASF» şirkətindən sifariş olunur. 

Fabrikin potensial illik istehsal həcmi 510 min cüt təşkil edir ki, bunun da 160 min cütü poliuretan çəkmələrə, 360 min cütü isə xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarına aiddir. İstehsal portfelində poliuretan çəkmələr üç təhlükəsizlik sinfinə aid olan O4, S4 və S5 modelləridir. S4 və S5 poliuretan çəkmələr ayağı müxtəlif zərbələrdən qoruyan xüsusi polad ucluğa malikdir. Digər kateqoriya isə təhlükəsizlik ayaqqabılarıdır. Bunların üst hissəsi təbii dəridən, alt hissəsi isə ikiqat poliuretandan ibarətdir. S1P, S1, S2 və S3 modelləri müxtəlif təyinatlar üzrə istifadə olunur.

Ölkə daxilində satışla yanaşı, məhsullar xaricə də ixrac edilir. Əsasən Qazaxıstan bu məhsulun alıcısıdır vəbu yaxınlarda dost ölkəyə növbəti ixrac planlaşdırılır.  Hətta tezliklə Balkan ölkələrinə ixrac gerçəkləşdiriləcək. Məhsullar Albaniyadakı distribütorla bağlanmış müqavilə əsasında digər qonşu ölkələrə də göndəriləcək. İlkin mərhələdə 1200 cüt sifariş olunub və artıq hazırdır. Sifarişə həm üst hissəsi təbii dəridən, altlığı poliuretandan olan xüsusi təyinatlı ayaqqabılar, həm də poliuretan çəkmələr daxildir. Bunlar O4 və S5 təhlükəsizlik qruplarına aid məhsullardır.

Şirkət  xarici ölkə şirkətləri ilə əməkdaşlığını daha da genişləndirməyi hədəfləyir. Artıq Kanada şirkəti ilə müqavilə bağlanıb və 3500 cütdən çox poliuretan çəkmə sifariş verilib. Bu məhsulların növbəti ay ixracı planlaşdırılır. Bundan başqa, İtaliya şirkəti ilə müqavilə imzalanması prosesi gedir. Artıq sifarişlər də daxil olub. Noyabr ayında İtaliyanın xüsusi təyinatlı ayaqqabı istehsalı ilə məşğul olan şirkətinə müqavilə əsasında 1200 cüt poliuretan çəkmənin «Made in Azerbaijan» əmtəə nişanı altında ixracı planlaşdırılır.

Şirkətin mətuata açıqlamasında  bildirilir ki, indiyə kimi üç Qazaxıstan şirkəti ilə müqavilə bağlanıb və müxtəlif vaxtlarda bu istiqamətdə ixrac həyata keçirilib. Şirkətin ən böyük sifarişi də hazırda Qazaxıstandakı bir şirkətdəndir, lakin bu sifarişin icrası hələ planlaşdırma mərhələsindədir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniyadan da ölkəmizdə istehsal edilən məhsullara böyük maraq var.

Şirkət Ağdamda ərsəyə gətirilən Azərbaycan məhsulunu və brendini dünyaya tanıtmaq məqsədilə xaricdə keçirilən bir sıra sərgilərdə iştirak edir. Bu tədbirlər potensial müştərilərlə birbaşa əlaqə qurmağa və məhsulları təqdim etməyə imkan yaradır., İtaliya şirkəti ilə əməkdaşlıq BƏƏ-də keçirilən «Big 5 Dubai» sərgisində tanışlıqdan sonra yaranıb. Qazaxıstanda keçirilən sərgi də həmin ölkədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığa qapı açıb.

Yaxın zamanlarda "BAFCO" Rusiyanın Moskva, Qazaxıstanın Astana və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək sərgilərdə iştirak edərək «Made in Azerbaijan» nişanlı məhsullar üçün yeni bazarlar axtaracaq və potensial ixrac tərəfdaşları ilə əlaqələr quracaq.

Elçin Zaman, "İki sahil"